Komanda ilə işləməyi nə üçün bacarmırıq? - PSİXOLOQ FİKRİ

13 Mart 2024 11:08 (UTC+04:00)

Azərbaycanda insanlar daha çox komanda daxilində deyil, fərdi şəkildə uğur əldə edirlər. Bu idman, musiqi və digər sahələrdə özünü göstərir. Bunun səbəbi nədir? Nə üçün komanda ilə çalışmağı bacarmırıq? Mövzu ilə bağlı SİA-nın suallarını psixoloq Aysu Əliyeva cavablandırıb.

Onun sözlərinə görə, komanda əməkdaşlığının və fəaliyyətinin əsasında uğurlu ünsiyyət dayanır: “Birlik, birgəlik ruhuna təşviq edən hər hansı bir iş yeri və ya onlayn iş sahəsi (komanda yoldaşları uzaqda və ya eyni yerdə olsun) uğura aparan effektiv bir mühit yaradır. Komanda işinin uğurlu və effektiv alınması üçün konforizm, ortaq qərarın qəbul edilməsi, kompromisə getmək, digər həmyoldaşlarının fikrinə humanist yanaşmaq, işi bölüşdürmək, birlik anlayışının olması mütləqdir”.

Psixoloq bildirib ki, komanda yoldaşları arasında adekvat olmayan rəftar, ünsiyyət və münasibət münaqişələri qaçınılmaz edir: “Fərqli fikir, fərqli yanaşma tərzi, maraqların müxtəlif olması özlüyündə konfliktlərin baş verməsi üçün əlverişli mühit yaradır. Qrup daxilində ortaq qərar qəbul etmək, kompromisə getmək, fərdi yox qrup olaraq işləmək insanların komfort zonasından çıxması deməkdir. Bəzi insanlar bununla sərbəst və müstəqilliyinin məhdudlaşdırıldığını, rahat çalışa bilmədiklərini düşünürlər. Bu səbəblə də komanda ilə iş deyil də, fərdi çalışmağa meyil edirlər. Belə ki öz istədiyi qərarı qəbul edib, daha sərbəst və azad çalışdıqca uğurları daha da artdıqlarını görürlər. Bəzi şəxslər ekstrovert yox, introvert olduqları üçün bu şəxslər sosiallaşmaqda, toplum içərisində öz bilik, bacarıq və qabiliyyətlərini sərgiləməkdə sıxıntı yaşayırlar. Normaldır ki, bu şəxslər üçün ideal iş mühiti komanda şəklində deyil, fərdidir”.