"Hər predmetin olduğu kimi təhsilin də iki üzü var: təhsilin forması və məzmunu". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elmin Nurizadə deyib.

O bildirib ki, kurikulum standartları, sistemi Azərbaycan təhsilində hələ ki, forma dəyişikliyinə səbəb olub: "Bu, təhsilin məzmununun dəyişməsinə gətirib çıxarmayıb. Düzdür, kurikulum ayrılıqda bir məzmun dəyişikliyidir. Kurikulum təhsildə birbaşa məzmunun yenilənməsi və özünün təklif etdiyi məzmun xətləri əsasında tədrisin təşkilidir. Amma bunlar, təbii ki, həyata keçirilib. Bunun faydalılığı, nəzarət mexanizmi, keçərliliyi Azərbaycan məktəblərində nə dərəcədə effektiv olub? Effektiv olubsa, deməli, məzmun olaraq nəsə dəyişib. Effektiv olmayıbsa, deməli, dəyişiklik ancaq formativdir. Biz ancaq forma dəyişikliyindən söhbət aça bilərik. Mənim fikrimcə, kurikulum sistemi 90% forma, 10% isə məzmun dəyişikliyinə səbəb olub.
Kurikulumun əsas məqsədi şəxsiyyətyönümlü fərd hazırlamaq, şagirdi şəxsiyyətyönümlü meyarlar əsasında yetişdirib cəmiyyətə təqdim etməkdir. Bu, əslində çox yaxşı haldır. Bizdə kurikulumdan əvvəl də, sonra da məktəbin yalnız bir funksiyası əsasdır: ali təhsil müəssisəsinə tələbə hazırlamaq. Bu da repetitorluqla məşğul olan şəxslərin məqsədidir. Hamı elə bilir ki, 11 illik təhsil bazası şagirdin yalnız tələbə olması ilə nəticələnən prosesdir. Elə deyil. Hamımız arzu edirik ki, ümumtəhsil müəssisəsində oxuyan şəxs uğuruna görə tələbə adını qazansın, daha ali səviyyədə təhsil alsın. Amma biz elə bilirik ki, məktəb yalnız universitetə tələbə hazırlayır. Müəllimlərdən soruşanda ki, təhsilimiz necədir? Deyir ki, qəbul nəticələrini görmürsünüz?".
O əlavə edərək deyib ki, təhsilin işi şagirdi qəbula hazırlamaq deyil: "Təhsilin işi şəxsiyyət yetişdirməkdir. Boşuna şəxsiyyətyönümlü təhsil demirik. Bu məzmun xətlərinin işi şəxsiyyət yetişdirməkdir. Biz riyaziyyatı, Azərbaycan dilini, xarici dili boşuna keçdiyimizi düşünürük. Xeyr, heç bir fənn boşuna tədris olunmur. Bunların hər biri hansısa şəxsiyyətyönümlü məzmun xətlərinə xidmət edir. Məsələn, riyaziyyatın əsas qayəsi o demək deyil ki, inteqralı biləsən. Riyaziyyatın əsas məqsədi düşünə bilən, situasiyaya görə qərar qəbul edə bilən, analiz etmə funksiyasını həyata keçirə bilən şəxsiyyət yetişdirməkdir. Azərbaycan dilinin əsas qayəsi o demək deyil ki, feilin tərifini biləsən. Bizim təhsilə baxışımız yalnışdır. Azərbaycan dilinin əsas məzmun xətlərindən biri də oxuyub anlama, dərk etmə və öz fikrini ifadə etmə, məntiqi təfəkkürün səlis irəli sürülməsi və sairdir. Bu gün bizim uşaqların gözündə Azərbaycan dili ixtisas qruplarında olan fəndir. Eləcə də digər fənnlər üçün bu belədir. Biz fənlərə onun məzmun xəttinə görə baxa bilmirik. Baxa bilmiriksə, deməli, kurikulum öz işini yerinə yetirə bilməyib".