“Buraxılış imtahanlarının nəticələri bu il yaxşı olacaq” - EKSPERT AÇIQLADI

11 Mart 2024 14:23 (UTC+04:00)

“2024-cü il mart ayının 3-ü və 10-da keçirilən buraxılış imtahanlarında 100 mindən çox orta ümumtəhsil məktəbinin məzunu iştirak etdi. Builki imtahanlar əvvəlki illərdən bir neçə komponentə görə fərqlənirdi. Birinci ona görə ki, imtahan iştirakçıları imtahandan sonra özləri ilə sual kitabçalarını aparmaq imkanına malik oldular. Bu da kifayət qədər yaxşı bir haldır”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, amma ümumilikdə imtahanların mart ayında keçirilməsi doğru deyil: “Çünki artıq mart ayının 3-də və 10-da buraxılış imtahanı vermiş və imtahandan hətta sıfır bal toplayaraq keçmiş şəxslər attestat alacaqlar. Bəli, birmənalı şəkildə biz buraxılış imtahanlarının mart ayında keçirilməsini qəbul etmirik. Hesab edirik ki imtahanlar may ayında, iyun ayında keçirilməlidir. Artıq bu buraxılış imtahanından sonra şagirdlərin həm məktəbə davamiyyəti aşağı düşəcək, həmçinin buraxılış imtahanı verdiyi fənnlərdən artıq onlar dərslərə o qədər də hazırlıqlı olmayacaqlar”.

Kamran Əsədov sözlərinə belə davam edib: “Ümumilikdə mən hesab edirəm ki, sual kitabçalarını şagirdlərin aparmasına icazə vermək yaxşıdır. Növbəti atılmalı olan doğru addım isə bütün imtahanların eyni vaxtda keçirilməyidir. İmtahanların zonalar üzrə fərqli tarixlərdə keçirilməsi bütün ölkə üzrə ləğv olunmalı, vahid vaxta keçirilməlidir. Bu bərabərlik və birlik prinsipini də təmin edəcək.

Əlbəttə ki biz Dövlət İmtahan Mərkəzinin imtahanlarının şəffaflığına şübhə etmirik. Amma hesab edirəm ki, ədalətli və bərabərlik prinsipini təmin etmək üçün bütün imtahan iştirakçıları eyni gündə imtahan verməlidirlər.

Hesab edirəm ki, buraxılış imtahanlarının nəticələri bu il yaxşı olacaq. Xüsusən bu il yüksək bal toplayan abituriyentlərin sayının çox olmasını proqnozlaşdırırıq. Məhz imtahan nəticələrini ilkin təhlilləri də bunu göstərir. Yəni şagirdlər artıq tam şəkildə pandemiyadan çıxıblar. Kifayət qədər hazırlıqlıdılar və tədrisin təşkilinə hər hansı bir maneə yoxdur.

Ümumilikdə biz bu ilki imtahanları müsbət qiymətləndiririk. Şagirdlərin artıq xarici dildən dinləmə suallarını cavablandırma imkanları kifayət qədər yaxşılaşıb. Əvvəllər bu bir az aşağı olurdu. Şagirdlər xarici dildən sualları cavablandırmaqda əziyyət çəkirdilər. Amma indi kifayət qədər yaxşı bir vəziyyət yaranıb. Bu da orta ümumtəhsil məktəblərində məhz bu resursların təmin olunması ilə bağlıdır. Digər tərəfdən, artıq Dövlət İmtahan Mərkəzi bütün şagirdlər üçün sual kitabçalarını test bank formasında təqdim edib. Yəni şagirdlər artıq hansı test tapşırığını nümunələrini cavablandıracağını öncədən bilirlər”.

Ayşən Vəli