"Ali məktəblə elmi müəssisənin elm, təhsil və innovasiyanın inteqrasiyasının dərinləşdirilməsi istiqamətində birgə fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev öz çıxışlarında qlobal texnoloji inkişafa adekvat olan, müasir dövrün tələblərinə cavab verən intellektual insan resurslarının yetişdirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib, müvafiq dövlət qurumları və alimlərin qarşısında mühüm vəzifələr qoyub". Bu sözləri SİA-ya açıqlamasında AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev deyib.
Alimin sözlərinə görə, mütəmadi olaraq “ağıllanan” süni intellekt texnologiyaları artıq yaradıcı insanlar üçün də ciddi problemlər və narahatlıqlar yaradır: "Bütün bu intellektual texnologiyalar, eyni zamanda, bədniyyətli təşkilatların əlində çox güclü silaha çevrilir. Bu baxımdan müvafiq normativ-hüquqi bazanın formalaşdırılması və təkmilləşdirilməsi son dərəcə vacibdir. Artıq insanın bioloji, intellektual imkanları ilə süni intellektin imkanları müqayisəolunmaz həddə gəlib çatıb".
AMEA-nın vitse-prezidenti sözlərinə əlavə edib ki, süni intellekt texnologiyalarının mədəniyyət və incəsənətin müxtəlif sahələrinə, yaradıcılıq proseslərinə transformasiyası istiqamətində birgə tədqiqatların aparılması, yüksəkixtisaslı kadrların, yeni nəsil yaradıcı insanların hazırlanması qarşıda duran mühüm vəzifələrdən biridir.