Sahibsiz heyvanlarla mübarizə NECƏ APARILMALI? - AYDINLIQ GƏTİRİLDİ

7 Mart 2024 14:30 (UTC+04:00)

“Sahibsiz ev heyvanları ilə mübarizə aparmağın yolu ilk növbədə onlar üçün xüsusi yerlərin ayrılmasıdır. Həmçinin həmin heyvanların dişi və erkək olaraq ayrılması, lazımi əməliyyatların yerinə yetirilməsinə ehtiyac var”. Bu sözləri SİA-ya açıqlamasında baytar həkim Urfan Adiloğlu deyib.

O bildirib ki, bu məsələ bağlı müvafiq qurumlar lazımi və zəruri tədbirləri həyata keçirməlidirlər: “Nəzərə almaq lazımdır ki, bu cür sahibsiz heyvanlar bir çox hallarda quduz olurlar ki, bu da cəmiyyət üçün daha böyük təhlükə deməkdir. Quduz heyvanların ağzından köpük gəlir, insanların dalınca qaçır, işıqdan qorxur və qaranlıq yerlərə getməyə daha meyilli olurlar.

İnsanı it dişlədikdə mütləq şəkildə yaranın ağır və yüngül olmasından asılı olmayaraq həkimə getmək lazımdır. Çünki dişləyən it quduz ola bilər və bu zaman mütləq olaraq insana quduzluğa qarşı lazımi iynə vurulmalıdır. Daha sonra isə həkimin bildirdiyi plan üzrə zəruri olan bütün iynələr vurulmalıdır. Əgər insanı dişləyən it quduzdursa, bu zaman dişlədikdən sonra öləcəkdir. Lakin həmin itin ölüsünü harasa atmaq olmaz, mütləq şəkildə basdırılmalıdır. Bu cür problemlər nəzərə alınaraq müvafiq qurumlar zəruri tədbirlər həyata keçirməli və itləri zərərsizləşdirərək, onların yaşaması üçün xüsusi yerlər ayırmalıdırlar. Eyni zamanda sakinlər də sahibsiz heyvanlar, xüsusilə də itlər gördükdə ehtiyyatı əldən verməməlidirlər”.