Mövsümi xəstəliklərdən necə qorunaq? - HƏKİM AÇIQLADI

7 Mart 2024 10:12 (UTC+04:00)

"Mövsümi xəstəliklərdən qorunmaq üçün ilk növbədə, geyimə diqqət yetirmək lazımdır. Havalar kəskin dəyişdiyindən bəzən geyim forması adekvat seçilmir. İnsanların xəstələnməsinin bir səbəbi bundan ibarətdir, bu, soyuqdəyməyə gətirib çıxarır. Yəni ətraf mühitin temperaturu orqanizmin bədən temperaturunu stabil saxlamağa kömək etmədiyindən soyuqdəymə baş verir". Bu sözləri SİA-ya danışan həkim Adil Qeybulladır.

Onun sözlərinə görə, soyuqdəymə digər hallarda isə virus infeksiyalarına yoluxmada baş verir: "Ona görə də yaxşı olar ki, indiki vaxtda insanlar narahat hiss etdikdə maskadan istifadə etsinlər, sosial məsafəni gözləsinlər. Ümumiyyətlə, hər bir şəxs evə gəldikdə əllərini iki dəfə sabunla, isti suyla yuyarsa, daha məqsədəuyğun olar. Mümkün qədər gigiyenik tədbirləri gözləmək lazımdır ki, virus infeksiyalarından qorunsunlar. Çünki, hava-damcı yolu ilə yayılan infeksiyalar böyük yoluxucu qabiliyyətə malikdir, tez yayılır. Elə olur ki, qısa müddət ərzində bir ərazidə bir neçə insan xəstələnir. Bütün bunların qarşısını almaq üçün profilaktik tədbirlərə daha çox riayət etmək lazımdır".

Ləman Sərraf