“Diabet xəstələri üçün qidalar, içkilər var ki, çox vaxt süni rəngləndirici, dadlandırıcılarla zəngin olur. Bu da onların mütəmadi olaraq istehlakı zamanı əks təsiri olmadan ötüşmür”. Bu barədə SİA-ya açıqlamasında qida eksperti Ağa Salamov deyib.
Onun sözlərinə görə, diabet xəstələri mütləq şəkildə həkimlərinin məsləhəti altında qidalanmalıdırlar: “Bununla yanaşı diabetin tipləri mövcuddur. Burada süni enerji verən, vitaminləşdirici qidalardan uzaq durmaq lazımdır. Adı üstündə bunlar sünidir. Diabet xəstələri mütləq şəkildə həkimlərinin məsləhətləri ilə orqanik qidalanmalıdırlar. Məsələn, faydalı karbohidratlar burada ilk sırada yer almalıdır. Həkimlərinin onlara uyğun olaraq tövsiyə etdiyi meyvə və tərəvəzlərdən qəbul etməlidirlər. Bu qidalar liflərlə, karbohidratlarla, vitanminlərlə zəngin olduğu üçün faydalıdır. Süni diabetik qidalardansa, mövsümi qidalar daha faydalıdır”.
Ekspert bildirib ki, diabet xəstələri üçün istehsal edilən dadlandırıcılı qidalar, yaxud şəkər əvəzediciləri süni tərkiblidir: “Görürük ki, balaca bir tabletkadır, bir stəkan çayı bal kimi edir. Düşünürəm ki, bu qidaların diabet xəstələrinıə heç bir xeyri yoxdur. Təbii qidalarda olan şəkərlər onlar üçün daha faydalıdır. Təbii şəkərlərin də bəzilərinin şəkər xəstələrinə çox yeyilməsi məsləhət görülmür. Məsələn, balın tərkibinin 60%-nin fruktoza olduğuna görə diabet xəstələri tərəfindən çox yeyilməsi məsləhət deyil. Onlar üçün gün ərzində 5-10 qram bal onlara kifayət edir, nəinki daha çox. Nəzərə alsaq ki, diabet xəstələrində ürək-damar problemləri, mədəaltı vəzi, qaraciyər problemi ortaya çıxır onlar mütəmadi olaraq endokrinoloq, yəni şəkər həkimlərinin nəzarəti altında qidalanmaları daha uyğundur, amma süni qidalarla deyil, təbii qidalarla”.