Vəli VƏLİYEV
Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotini erməni mətbuatına müsahibə verib. Əsas sözü də bu olub ki, Fransa Ermənistana dəstək verməkdə haqlıdır, Azərbaycan Ermənistana hücum etməyə çalışır, verdiyimiz silahlar müdafiə xarakterlidir, Fransa olmasa Cənubi Qafqazda sülh olmayacaq və əsas məsələ, bütün ölkələr bir-birilərinin ərazi bütövlüyünü tanımalıdırlar, çünki bu, BMT-nin sənədlərində də öz əksini tapıb. Bu mürəkkəb cümlədə cənab Dekotininin bir kəlməsi də doğru deyil, yalan və iftiradır. Niyə, çünki Fransa səfirinin dediklərində həqiqət yükü sıfırdır. Hər kəsə aydın olsun deyə, gəlin, cümlədəki ayrı-ayrı fikirləri analiz edək.
“Fransa Ermənistana dəstək verməkdə haqlıdır” deyən səfir ölkəsinin 25 illik həmsədrlik təcrübəsində nələri həll edə bildiyindən, yaxud həll etmək istəmədiyindən danışmaq istəmir. Fransa digər həmsədr dövlərlər kimi ATƏT-in Minsk qrupunda tərəflər arasında münaqişəni həll etməyə borclu idi, Azərbaycan bu ölkələrə zorla həmsədrliyi tapşırmamışdı. Onlar özləri bu yükün altına girmişdilər ki, ədaləti bərpa etsinlər, BMT TŞ-nin 4 qətnaməsini yerinə yetirsinlər. Amma olmadı, Fransa daxil heç bir həmsədr ölkə Ermənistanın işğalçı siyasətini əngəlləmək istəmədi. Ona görə də Ermənistan bir az daha azğınlaşdı. İndi Fransa ona həvalə edilən vəzifənin öhdəsindən 25 il gəlmədiyi halda bu gün hansı haqdan danışır. Əksinə Paris İrəvana dəstək verməklə onu bir az da qudurdur.
Azərbaycanın guya Ermənistana hücum edəcəyi barədə Fransanın uydurmasına gəlincə rəsmi Bakı dəfələrlə bəyan edib ki, belə bir niyyəti yoxdur. Amma Paris rəsmi açıqlamalara rəğmən yalanlarını hər gün davam etdirir. Məqsəd də bəllidir, Rusiyadan qoparmaq istədiyi Ermənistanı Azərbaycanla qorxutmaq və bura yerləşməsinə səbəb hazırlamaq. Fransa diplomatik səylərini artırıb, Paris müdafiə nazirini də kəşfiyyata göndərib, Paşinyanla da Yelisey sarayında təlimatlandırma görüşləri keçirilib, amma İrəvanın Rusiya ilə imzaladığı 49 illik müqaviləni deyəsən nəzərə almayıb. Qeyri-regional Fransa regional ölkə olan Rusiyanın Ermənistan üzərindəki təsir imkanlarını gözdən çıxarmaqla böyük səhvə yol verir. Hər halda Makron Ukraynada Rusiya ilə toqquşmanın dadını yaxşı bilir. Ermənistanı Rusiyanın ovcunun içindən necə çırpışdırmanın yollarını axtaran Paris bir daha fikirləşsə hər kəs üçün yaxşı olar. Ermənistan, deyək ki, müstəqil ölkədir, amma kənar qüvvələri regiona soxmaq səlahiyyətində də deyil. Buraların sahibi var…
Səfir deyib ki, Fransa ilə Ermənistanın müdafiə sahəsində əməkdaşlığı, verdiyi silahlar müdafiə xarakterlidir və iki ölkənin müdafiə sahəsində əməkdaşlığı uzunmüddətli perspektiv əsasında qurur. Biz silahdan danışırıq, silahların hamısı şəraitdən asılı olaraq öz rolunu dəyişə bilər, həm müdafiə, həm də hücum silahı ola bilər. bütün ölkələrdə nazirliyin adını “müdafiə” qoyurlar, hansısa ölkədə “hücum nazirliyi”nin olduğu kimsənin yadına gəlmir. Məncə, nə demək istədiyimiz aydın oldu.
“Bütün ölkələr bir-birilərinin ərazi bütövlüyünü tanımalıdırlar” cümləsi isə fransız diplomatın dilindən səslənməsəydi yaxşı olardı. Çünki, Fransanın da daimi üzvü olduğu BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi ərazi bütövlüyü pozulmuş, qonşu Ermənistan tərəfindən torpaqları işğal edilmiş Azərbaycanın suveren ərazilərindən erməni silahlı qüvvələrinin çıxarılması barədə idi. Fransanın vassallığına namizəd Ermənistan 30 il ərzində Azərbaycanın ərazi bütövlüyünü tanımayıb. Özünü I Qarabağ müharibəsinin “qalib”I hesab edən Ermənistanın “ərazi bütövlüyü” anlayışı yadına da düşməyib. Azərbaycan isə BMT TŞ-nin 4 qətnaməsini yerinə yetirməklə Ermənistan üzərində əldə etdiyi qələbəni sülh prosesi estafeti ilə davamını gətirmək istəyir. Belə yerdə deyirlər, olmasaydı cahanda Fransa…