"Respublikalar müstəqillik əldə etdikdən sonra ötən 30 ildə Rusiya-Azərbaycan münasibətləri bizim bölgədə sülhün taleyini müəyyənləşdirən ən böyük faktora çevrilib. Bu, danılmaz bir həqiqətdir. Rusiya və Azərbaycan münasibətlərinin normal olduğu mərhələdə bölgədə sülhün gələcəyinə hər zaman inam və optimist bir baxış olub. Amma Rusiya-Azərbaycan münasibətləri lazımi səviyyədə olmadığı vaxtlarda bu, sülh və təhlükəsizlik prosesinə öz mənfi təsirini göstərib. Məsələn, Vətən müharibəsinin başlandığı illər ilə bu gün iki dövlət arasında mövcud olan münasibətləri müqayisə etmək ən güclü fakt rolunu oynaya bilər". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
Onun sözlərinə görə, Rusiya 30 ildən çox bir müddətdə Minsk Qrupunun digər həmsədrləri ilə bərabər Qarabağ probleminin həlli üçün lazımi addımları atmadı: "Rusiyanın vasitəçiliyi bu işdə lazım olan nəticəni vermədi. Bəlkə də bu işdə vasitəçi yalnız Rusiya olsaydı, Qarabağ münaqişəsi 30 ildən daha tez həll oluna bilərdi. Amma Qərb ölkələrinin də bu məsələyə müdaxiləsi istər-istəməz geosiyasi maraqların toqquşmasına gətirib çıxarmaqla Rusiyanın vasitəçilik səylərinin nəticəsiz qalmağına səbəb olub".
A.Quliyev sözlərinə davam edərək bildirib ki, nə yaxşı ki Rusiya vasitəçilik rolunun yetərli olmadığını və Qarabağ münaqişəsinin həllində fəaliyyətsizliyini tez dərk etdi: "Bölgədəki sülhə daha məsuliyyətli yanaşmaqla problemin həllində böyük rol oynadı. Ona görə də Vətən müharibəsindən başlayaraq Azərbaycan-Rusiya münasibətlərinin yeni bir mərhələyə girdiyini qətiyyətlə söyləmək olar. Son 3-4 ildə gəldiyimiz yol Azərbaycan və Rusiya arasındakı münasibətləri faktiki olaraq strateji tərəfdaşlıqdan strateji müttəfiqlik mərhələsinə keçirib ki, bu da olduqca böyük bir irəliləyişdir. Nəzərə almaq lazımdır ki, Rusiya-Ermənistan müttəfiqliyi çox ciddi zədələr alıb. Təbii ki, bu Ermənistanın bölgədə qüvvələr nisbətini qeyri-real şəkildə dəyişdirmək cəhdlərindən irəli gəlir. Ermənistanın birdən-birə bölgədəki təhlükəsizlik sxemlərini bölgəyə yad olan təmayüllərə dəyişmək siyasəti belə bir vəziyyətin yaranmasına gətirib çıxarıb.
Bugünkü gündə Rusiya Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasında öz səylərini ortaya qoyur. Hələlik bu səylərin lazımi nəticəni verməməsinin nədən irəli gəldiyini demək çətindir. Fikrimcə, Ermənistanın daha çox Qərbə yaxınlaşmaq cəhdi Rusiyanın da sülhün əldə olunması barədə səylərini nəticəsiz qoyur. Təbii ki, bu, Azərbaycan və Rusiya münasibətlərinə təsir göstərmir".
Ləman Sərraf