“Ermənistan Cənubi Qafqazda münasibətlərin normallaşması, Azərbaycanla sülh müqaviləsinin imzalanmasına xidmət edəcək addımlar əvəzinə Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə xidmət edən və bu gərginlikdən özünün maraqlarını həyata keçirməyə çalışan Fransa ilə əməkdaşlığı daha da genişləndirməyə çalışır. Son dövrlər biz Fransa və Ermənistan arasında daha ciddi şəkildə münasibətlərin irəli aparılmasına xidmət edəcək addımları müşahidə edirik. Xüsusilə də Ermənistan Baş nazirinin Fransaya səfəri və paralel olaraq Fransa müdafiə nazirinin Ermənistana səfər etməsi təhlükəsizlik istiqamətində əməkdaşlığı özündə əks etdirən razılaşmaların imzalanması Ermənistanın silahlandırılmasına xidmət etməklə yanaşı, həm də revanşist düşüncənin inkişafına xidmət edən addımlardır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.
Politoloq bildirib ki, burada Fransanın neoimperialist iddiaları və maraqları dayanıb, Ermənistan onun üçün yalnız alətdir: “Hətta Ermənistan Fransa üçün ehtiyac yarandığı halda qurban veriləcək bir alətdir. Biz bunu xüsusilə 44 günlük vətən müharibəsi və sonrakı dövrlərdə daha aydın şəkildə müşahidə etmişik. Bütün bunlar onu deməyə imkan verir ki, Ermənistan Fransa üçün bir qurbandır.
Fransa Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda mövcud olan kövrək sülhə təhdidlər formalaşdırmaq və davamlı sülhün bölgəyə gəlməsinə mane olmaqla özünün mövcudluğunu qoruyub saxlamağa çalışır. Amma təbii ki, Azərbaycanın müttəfiqləri ilə birgə ortaya qoyduğu iradə, qətiyyətli mövqe Ermənistan və havadarlarının istəyinə nail olmasına imkan verməyəcək. Azərbaycanla əməkdaşlıq Fransa üçün daha ciddi real nəticələr doğura bilər”.