"Hər kəs öz təfəkkür potensialına uyğun olaraq inanclara sahiblənir" - PSİXOLOQ İZAH ETDİ

6 Mart 2024 13:31 (UTC+04:00)

"Hər bir xalqın özünün inancları, dəyərlər sistemi var". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova deyib.

Psixoloq bildirib ki, bizim də etnopsixologiyamızda gözdəymə, nəzər kimi və s. həqiqətən də, mentalitetimizlə əlaqədar bir çox batil inanclarımız var: "Üzərlik yandırmaq, at nalı, göz muncuğundan istifadə etmək hər kəsin fərdi, şəxsi düşüncəsidir. Hər kəs öz təfəkkür potensialına uyğun olaraq bu kimi inanclara sahiblənir. Uşaqlıqdan mütəmadi deyilən bu inanclarla yoğrulan, yaşayan, öz ailəsinə də bunları tətbiq edir.

Psixoloqlar bu haqda ümumi fikir deyə bilərlər ki, bizim üçün reallıq odur ki, insan özünə inansın. İnsanların hansısa hadisələrə məna verməsi, yükləməsi var. Hansısa insanın belə fikri var ki, o insanın gözündə mənfi enerji var, məni təriflədikdə problemlərlə üzləşirəm. Əslində bu cür mənanı yüklədikdə biz, həqiqətən də, məhz o prosesə köklənərək problemi artıq yaratmış oluruq. Həmin insanın gözü olsun, olmasın etiketi biz qoyuruq. Başqası etmir, bunu özümüzə biz yaradırıq. Təbii ki, göz muncuğu daşıyan insan özündən mənfi, neqativləri itələmək üçün o inancla yaşayır ki, əgər göz muncuğunu daşıyıramsa, mənə heç nə olmayacaq. Göz muncuğu çatlayacaq, amma həmin adama heç nə olmayacaq. Bu insanların təbii ki, özünəməxsus batil inanclarıdır. Buna inanan insanlar həqiqətən də bu problemlərlə üzləşirlər. Real olduğunu qəbullanırlar. Ona görə biz bütün insanları bu çağırışa səsləyə bilmərik ki, sən üzərində hansısa əşyanı daşıma. Hər insanın talismanı olur. Əslində inanc gözəl şeydir. Həddindən artıq cahilcəsinə hər əşyaya inanıb onlara məna yükləmək, əşyalarla həyatını doğrultmağa inanmaq absurd məsələdir. Ona görə yaxşı olardı ki, insanlar çox oxuyub mütaliə etsinlər və həyatda baş verən xırda detalları reallıqla eyni tutmasınlar. Reallıq tam başqa bir şeydir.

Üzərliyin yandırılma mexanizmi də xüsusilik təşkil edir. Üzərliyin iyi, qoxusu sanki neqativ enerjini itələmək üçün bir yanaşmadır. Əgər insanlar bununla rahatlıq tapırlarsa, qoy bunu etsinlər, rahatlıq tapsınlar. Hər halda hər bir insanın dini aspektdən sığınacaq, inandığı yer var. İnsan nəyəsə inanmalı və tutunmalıdır. Qeyd etdiyim kimi hamının təfəkkür potensialı eyni olmadığı üçün insanların da bu həyati yanaşmaları müxtəlif olur".