“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən "Liv Bona Dea" Hospitalında uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması üzrə ümumilikdə 44 tibbi xidmət dövlət büdcəsi hesabına qarşılanır. Bu xidmətlərə ürək qapaqlarının təmiri və ya dəyişdirilməsi, ürəkətrafı kisənin açılması, qulaqcıqarası, mədəcikarası çəpər defektlərinin protezlə bərpası, kəskin ürək çatışmazlığında qanın oksigenlə zənginləşdirilməsi və digər tibbi prosedurlar daxildir. 2023-cü ilin noyabrından bu günədək 95 uşaq əməliyyat olunub”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Leyla Lətifova deyib.
O bildirib ki, "Liv Bona Dea" Hospitalında icbari tibbi sığorta çərçivəsində artıq 2022-ci ilin mart ayından etibarən sığorta ilə xidmət göstərilir: “2022-ci il hospitalda 1991 tibbi xidmət göstərilibsə, bu rəqəm 2023-cü ildə 3 dəfə artıb, 5779 olub. Xidmətlər həm ambulator, həm stasionar şəkildə göstərilir. Göstərilən xidmətlərin 67 faizi ambulator, 33 faizi isə stasionar tibbi xidmətin payına düşür. Hazırda həyata keçirilən əməliyyatların sayı 2500-dən artıqdır”.