"Əli Kərimli xalqın adından danışmağı tərgitməlidir" - PARTİYA SƏDRİ BİLDİRDİ

5 Mart 2024 14:51 (UTC+04:00)

AXCP sədri Əli Kərimli sosial şəbəkə hesabında bildirib ki, "Əvəz Zeynallıyı 9 il müddətinə azadlıqdan məhrum ediblər. Nə demək istəyirlər? Demək istəyirlər ki, ölkədən çıxarılan milyardları Əvəz bəy oğurlayıb aparıb ofşor hesablara?

Mövzu ilə bağlı SİA-ya danışan Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, Əli Kərimli yenə məqamdan istifadə edib populist çıxışlar edərək xal qazanmağa çalışır: "Əli Kərimli guya kimlərisə müdafiə edir. Əli Kərimli reallıqdan uzaq olan bir adamdır. O heç vaxt Azərbaycan reallığında öz yerini tuta bilməyib. Vaxtilə Əli Kərimli hakimiyyətdə dövlət katibi olduğu zaman bir mətbuat konfransı keçirmişdi. Orada bir jurnalist ona sual verdi ki, “Hələ də məğlubiyyətlər davam edir, torpaqlarımız gedir, bu necə olur?. Nə üçün Qarabağ müharibəsinin gedişində dönüş yaranmadı? Əli Kərimli belə bir cavab verdi ki, “Xalq ölümə hazır deyil, ona görə də biz qalib gələ bilmirik”.

Mən o zaman “Doğru Yol” qəzetində çalışırdım. Onun bu cavabına qısa bir replika göndərdim ki, “27 yaşında cavan oğlan xalqı ölümə gedə bilməməkdə günahlandırmaq yerinə əlinə avtomat alıb vuruşmalıdır. Buna sizin mənəvi haqqınız yoxdur”. Bu Əli Kərimliyə çox təsir etmişdi. Mənə qarşı təzyiq kampaniyası apardı, gəlib redaksiyanı dağıtmaqla hədələdi. İndi xalqı o cür aşağılayan bir adam xalqın adından danışır, guya xalqa qarşı kimlərsə haqsız mövqe tutur”.

A.Nağı bildirib ki, Əli Kərimli xalqın adından danışmağı tərgitməlidir: “Ətrafında 5-10 nəfər var, danışırsa onların adından danışsın. Bəsdir xalqın adından manipulyasiya ilə məşğul oldu. Azərbaycanın məhkəməsi, hüquq-mühafizə orqanları var. Hər bir şikayətə açıq şəkildə baxılır. Hüquq-mühafizə orqanlarının qərarı ilə bağlı şikayəti varsa ortaya qoysun. Özü də ixtisasca hüquqşünasdır, əsaslı mövqe qoyaraq etirazını bildirsin. Yoxsa bunlar boş-boş danışmağı dayandırmalıdırlar. Onsuz da boş-boş danışmaqla nüfuzlarını tamamilə itiriblər. Hələ də anlamırlar ki, bu danışıqlar özlərinin əleyhinə işləyir. Əli Kərimlinin bu cür danışıqlarına əhəmiyyət verməyə dəyməz”