Cənub Qaz Dəhlizi önəmli beynəlxalq layihədir TƏHLİL

4 Mart 2024 15:21 (UTC+04:00)

PREZİDENT İLHAM ƏLİYEV "Euronews"a müsahibəsində Cənub Qaz Dəhlizinin əhəmiyyətini bir daha diqqətə çatdırıb

Bu gün Azərbaycan dünyanın ən nüfuzlu və sabit inkişaf etməkdə olan ölkələri arasında öz yerini kifayət qədər möhkəmləndirib. Bu da, təbii ki, müstəqillik illərində ümummilli lider Heydər Əliyevin formalaşdırdığı uğurlu daxili və xarici siyasət, eləcə də son 20 ildə Prezident İlham Əliyevin yürütdüyü milli maraqlara söykənən siyasi xəttin sayəsində mümkün olub. Xüsusi olaraq vurğulamaq lazımdır ki, üç il əvvələ qədər Azərbaycan dünyada Cənubi Qafqazın iqtisadi və hərbi gücü, nəhəng enerji və nəqliyyat infrastrukturlarının müəllifi, regionda söz sahibi olan aparıcı dövlət kimi tanınırdı. 2020-ci ilin Vətən müharibəsində isə bunların sırasına biri də əlavə olundu: Cənubi Qafqazın qalib dövləti. 44 günlük müharibədə qazanılan qələbə Azərbaycana dünyada olan ehtiramı daha da gücləndirdi, dövlətimizin nüfuzunu daha da artırdı. Azərbaycan öz gücü ilə tarixi ədaləti bərpa edib və yeni reallıqlar yaradıb. Bu isə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiq olan, haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası yolunda, Güclü Orduya, iqtisadi gücə malik olan ölkə kimi tanınır, sözünə etibar olunur. Və bu gün Prezident İlham Əliyevin əməli addımları, dünyanın nüfuzlu telekanallarına müsahibələrində Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə onların başa düşəcəyi dildə çox böyük qətiyyətlə çatdırması, əlbəttə ki, qlobal auditoriyanın diqqətindən kənarda qalmır. Belə ki, martın 1-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında ümumilikdə 23 ölkədən, 6 beynəlxalq təşkilatdan, 44 şirkətdən yüksək səviyyəli nümayəndələrin iştirakı ilə keçirilən tədbir zamanı Prezident İlham Əliyevin "Euronews" televiziyasına verdiyi müsahibədə toxunduğu məsələlər beynəlxalq aləmdə böyük maraq doğurmaqla yanaşı, həm də Cənub Qaz Dəhlizinin önəmini bir daha beynəlxalq aləmin diqqətinə çatdıraraq bildirdi ki, bu barədə nikbin və bədbin düşünənlər var idi. Bəzilərinə isə elə gəlirdi ki, Azərbaycan bu layihəni reallaşdıra bilməyəcək. Ancaq unudurdular ki, ölkəmiz artıq iri infrastruktur layihələrinin reallaşdırılmasında zəngin təcrübəyə malikdir. Hətta bu gün bir sıra iri layihələrin həyata keçirilməsi Azərbaycanla razılaşdırılır. Təbii ki, belə bir əhəmiyyətli layihəni reallaşdırmaq üçün geniş beynəlxalq əməkdaşlığa ehtiyac var idi. Ona görə də öz maliyyə imkanları ilə bizə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr və şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq. Nəticə göz qabağındadır. Uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır. Layihə getdikcə daha çox ölkələri əhatə edir. Çünki Azərbaycanın təbii qazının yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorları var.

AZƏRBAYCANIN BƏRPAOLUNAN ENERJİ LAYİHƏLƏRİ GÜNDƏLİYİ ÇOX İDDİALIDIR

Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibəsində söyləyib ki, Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır. Dövlətimizin başçısı qeyd edib ki, 10 ilə bərpa olunan enerjidən maksimum istifadə edib, daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq: "Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir. Biz artıq bu mühüm yolu qət etməyə başlamışıq. Biz ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq".

Dövlətimizin başçısı Cənub Qaz Dəhlizi layihəsi ilə əlaqədar çoxlu müxtəlif ideyaların olduğunu diqqətə çatdıraraq bildirdi ki, bu barədə nikbin və bədbin düşünənlər var idi. Bəzilərinə isə elə gəlirdi ki, Azərbaycan bu layihəni reallaşdıra bilməyəcək. Ancaq unudurdular ki, ölkəmiz artıq iri infrastruktur layihələrinin reallaşdırılmasında zəngin təcrübəyə malikdir. Hətta bu gün bir sıra iri layihələrin həyata keçirilməsi Azərbaycanla razılaşdırılır. Təbii ki, belə bir əhəmiyyətli layihəni reallaşdırmaq üçün geniş beynəlxalq əməkdaşlığa ehtiyac var idi. Ona görə də öz maliyyə imkanları ilə bizə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr və şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq. Uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır və o, getdikcə daha çox ölkələri əhatə edir. Çünki bu gün açılış mərasimində dediyim kimi, bizim təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorlarımız var. Bu, həqiqətən də enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişir. On il bundan əvvəl başladılan təşəbbüsün yaxşı nəticələrini görəndə, əlbəttə ki, insan özünü hər zaman xoşbəxt hiss edir.

Bir sözlə, bir vaxtlar Cənub Qaz Dəhlizini yalnız möcüzə kimi qiymətləndirənlər, bu gün nəhəng layihənin reallaşmasına şahidlik edirlər. Azərbaycan Prezident İlham Əliyevin qətiyyətli və prinsipial siyasəti nəticəsində sözün həqiqi mənasında dəyişkən enerji xəritəsi formalaşdıra bildi. Bu gün dünyanı heyrətləndirən meqalayihələrin təşəbbüskarına çevrilən ölkəmiz yalnız regionun deyil, Avropanın belə enerji təhlükəsizliyinin təminatçısı kimi çıxış edir. Bu isə Azərbaycanın həm coğrafi, həm də regional mövqeyini möhkəmləndirir.

Beləliklə, Prezident İlham Əliyevin müsahibəsində toxunduğu məsələlərin həlli ilə bağlı söylədiyi fikirlər onun qlobal problemlərin həllinə töhfə vermək niyyətində olduğunu, bununla bağlı təşəbbüslər irəli sürdüyünü, görülən işlərdə dəstək vermək əzmini göstərir. Azərbaycanın hələ bir neçə il bundan əvvəl həyata keçirməyə başladığı və bu gün zəruriliyi daha yaxşı başa düşülən layihələr dövlətimizin başçısının müdrik, uzaqgörən Lider olduğunu bir daha təsdiqləyir.

RƏFİQƏ KAMALQIZI