Bərdədə buraxılış imtahanı 8 binada təşkil olunub

3 Mart 2024 15:50 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzinin (DİM) Bərdə rayonunda keçirdiyi tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları başa çatıb. Dövlət İmtahan Mərkəzinin Bərdə regional bölməsindən SİA-ya bildirilib ki, 8 binada təşkil edilən imtahanların idarə olunmasına 8 ümumi rəhbər, 20 imtahan rəhbəri, 163 nəzarətçi-müəllim, 25 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunub. İmtahanlarda 1983 nəfər şagirdin iştirakı nəzərdə tutulub.

İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edib.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Martın 4-dan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalı aparılacaq.