"Xocalı faciəsi bizim unudulmaz tariximizdir" – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

27 Fevral 2024 16:18 (UTC+04:00)

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Azərbaycan xalqı uzun illər Xocalıya ədalət istəyib və bu istiqamətdə beynəlxalq təşkilatlar qarşısında ciddi məsələlər qaldırılıb. 2008-ci ildən isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Xocalıya ədalət beynəlxalq maarifləndirmə kompaniyası həyata keçirilir. “Xocalıya ədalət kompaniyasının sistemli fəaliyyətinin nəticəsidir ki, dünyanın bir sıra ölkələri Xocalıda ermənilər tərəfindən törədilmiş cinayətləri soyqırımı kimi tanıyıb, müəyyən qərar və qətnamələr qəbul etmişlər. Çünki Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir. Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır, halbuki Ermənistan dövləti, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələr, eyni ölkələr əllərindən gələni edirdilər ki, bu barədə məsələ ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın, həmin ölkəyə qarşı hərhansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsınlar.” Bu ifadələr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xocalıya səfəri zamanı səsləndirilib və cənab Prezident Xocalı sakinləri ilə görüşərkən, burada Xocalı soyqırımı momerialının təməlini qoyarkən bir daha xatırladıb ki, Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək, heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri xüsusilə vurğulayıb ki, dövlətimizin rəhbəri əmin olduğunu bildirib ki, Xocalı caniləri, bu soyqırımı törədənlər mütləq öz cəzalarına çatacaqlar.

“Ölkə rəhbərinin çağırışları, Xocalı faciəsinin qurbanlarına ehtiramı, onun nəinki sözlərində, əməli fəaliyyətində özünün aydın ifadəsini tapır. Çünki 44 günlük müharibə, 23 saatlıq anti-terror tədbirləri bir daha göstərdi ki, Azərbaycan xalqı, Azərbaycan Ordusu öz şəhidlərinin qisasını almağa qadirdir və bir çox cinayətkarların həbs olunması, bu gün qanun qarşısında cavab vermələri göstərdi ki, xocalıların, eləcə də şəhidlərimizin qanı yerdə qalmır və qalmayacaqdır.

Xocalıya səfər, Xocalı sakinləri ilə görüşlər, Xocalının yenidən qurulması bu gün dünyanın diqqət mərkəzindədir və ölkəmizin rəhbəri də bunu bir daha xatırladaraq bildirdi ki, bu gün Azərbaycanın üçrəngli bayrağı işğaldan azad olunmuş bütün ərazilərimizində dalğalanır. Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışdır. Ölkə rəhbəri bildirmişdir ki, bu il həmin yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Bu il həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək, o cümlədən bu yaxın yerlərdə yerləşən Malibəyli, Kərkicahan, Şuşanın Türşsu kəndləri də bərpa ediləcək, Ağdam şəhəri də bərpa ediləcək və gələn il Ağdama da ilk köç başlanacaq, yeni quruculuq işləri geniş vüsət alır.

32 ildən sonra xocalıların öz doğma yurdlarına qayıtması və burada möhtəşəm belə bir tədbirin keçirilməsi əlbəttə ki, Azərbaycan Prezidentinin qətiyyətindən, onun öz xalqına hörmət və ehtiramından, şəhidlərin ruhuna sayqısından xəbər verir. Cənab İlham Əliyev Xocalıda sakinlərlə görüşərkən bir daha dünyaya öz mesajını verdi və bildirdi ki, Xocalı soyqırımı qurbanlarının, həmçinin vətən uğrunda həlak olmuş digər şəhidlərimizin qanı yerdə qalmadı, qisası alındı və budan sonra da onların qanının yerdə qalmaması üçün bütün səylərimizi əsirgəməyəcəyik. Bu hər bir Azərbaycan vətəndaşını qürurlandırır. Çünki Xocalı faciəsi dünyada analoq olmayan bir soyqırımdır və bu soyqırıma qiymət verməmək, onu dəyərləndirməmək, bu hadisələrə göz yummaq beynəlxalq normalara diqqətsizlik, bəşəriyyətə sayqısızlıqdır. Cənab İlham Əliyev bunu dəfələrlə öz çıxışlarında, verdiyi bəyanatlarında səsləndirmiş və beynəlxalq təşkilatların, böyük dövlətlərin bu sayqısızlığını bilavasitə bəşəriyyətə qəsd kimi qiymətləndirmişdir. Bu bir həqiqətdir, çünki bu gün Ermənistan yalançı soyqırımlar haqqında iddialar qaldırır və buna da dünya ölkələri həqiqət donu geyindirir. Ancaq gözümüzün qarşısında, dünyanın gözü qarşısında baş verən Xocalı soyqırımına etinasızlıq göstərilməsi əlbəttə ki, bir nankorluqdur, bir nadanlıqdır. Cənab İlham Əliyevin Xocalıda məhz Xocalı soyqırımı memorialının təməlini qoyması dünyaya bir daha göstərir ki, Azərbaycan öz torpaqlarının sahibidir, öz şəhidlərinin xatirəsini əziz tutur və onların qanının yerdə qalmaması üçün bütün tədbirləri həyata keçirir. Əlbəttə ki, bu bizi sevindirir, hər bir Azərbaycan vətəndaşında böyük qürur hissi yaradır, çünki Xocalı faciəsi bizim unudulmaz tariximizdir və hörmətli prezidentimizin dediyi kimi, bu soyqırım heç vaxt unudlmayacaq, vaxt yaddan çıxmayacaqdır”, deyə Tahir Rzayev bildirib.