Qəbul imtahanlarının tarixlərində DƏYİŞİKLİK

27 Fevral 2024 16:09 (UTC+04:00)

Doktorantura və rezidenturaya qəbul imtahanlarının tarixlərində dəyişiklik edilib. Dövlət İmtahan Mərkəzindən SİA-ya verilən xəbərə görə, dəyişikliyə əsasən, doktoranturaya qəbul olmaq istəyən namizədlər və doktoranturada təhsil alan iddiaçılar üçün xarici dil imtahanı 9 iyun tarixində keçiriləcək. Buna müvafiq olaraq, əcnəbilər üçün Azərbaycan dili imtahanı 10 iyun, danışıq bloku imtahanı isə 11-14 iyun tarixlərində təşkil olunacaq.

Rezidentura səviyyəsinə qəbul imtahanının birinci mərhələsinin ikinci cəhdi 23 iyunda keçiriləcək.

2024-cü ildə keçiriləcək imtahanların qrafiki ilə tam şəkildə buradan tanış olmaq mümkündür. İştirakçıların nəzərinə çatdırırıq ki, imtahan və tədbirlərin qrafikində hər hansı dəyişiklik olarsa, bununla bağlı əvvəlcədən ictimaiyyətə məlumat təqdim olunur.