"Ümumiyyətlə, bu gün yayılan respirator xəstəliklərin, virus xəstəliklərinin dinamikası və əlamətləri xeyli qarışıqlıq yaradıb". Bu sözləri SİA-ya açıqlamasında tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru, Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının professoru Adil Qeybulla deyib.

Həkimin sözlərinə görə, Avropa, Amerikada da vəziyyət ürəkaçan deyil: "Azərbaycan da qloballaşan dünyanın bir hissəsi kimi bu vəziyyətdən təcrid olunmuş ola bilməz. Bir tərəfdən qızılca bütün dünyada yeni formada peyda olub. Tamamilə yeni klinika göstərir. Digər tərəfdən respirator infeksiyalardan həm qrip, "Covid-19"-un "Omikron" ştampının mutasiya variantları, bir tərəfdən hepatitin, sarılıq, koksaki virusu və digər virusların hamısı qarışıqlıq yaradıb. Ona görə də birinci növbədə xəstələnən şəxslərə tövsiyə olunur ki, yataq rejiminə keçib bol maye qəbul etsinlər. Daha sonra həkim çağırsınlar. Həkimin məsləhəti ilə hərəkət etsinlər. Bəzən qızılcanın, digər xəstəliklərin də əlamətlərini ilkin olaraq müəyyən etmək çətin olur. Çünki hamısı: halsızlıq, bel, bədən, baş ağrıları özünü göstərməyə başlayır. Sonradan artıq identifikasiya etmək olur. Bəzən ilkin əlamətlərə görə aşkar etməkdə çətinliklər yaranır. Bu baxımdan da düşünürəm ki, xəstəliklərə ciddi yanaşmaq lazımdır. İnsanlar bəzən xəstəliyi ayaq üstə keçirir, bunun da fəsadları olur ki, həmin fəsadlarla mübarizə aparmaq xeyli çətinləşir".