Məktəblilər arasında qalmaqallar bitmir. Tanınmış bloqer Ramal Əsədin paylaşdığı video müzakirələrə səbəb olub. Videoda Abşeron rayonunun 9 saylı tam orta məkətibinin şagirdlərinin səs yazısında məktəbin bir şagirdi digər şagirdə "sənin çılpaq şəkillərini yayaram", deyərək onu təhdid edir. Məktəblərdə bu özbaşınalıq nə vaxta qədər davam edəcək? Nə üçün lazımi tədbirlər görülmür? Hansı zəruri addımlar atılmalıdır? SİA olaraq mövzu ilə bağlı təhsil eksperti Elçin Muradın fikrini öyrəndik.
Onun sözlərinə görə, məktəblərdə disiplinsizlik baş alıb gedir: “Bu gün Elm və Təhsil Nazirliyi bu məsələyə ciddi yanaşmır. Diqqət edirsinizsə son bir ay ərzində 3-4 belə önəmli hadisələr baş verir. Bu hələ ictimaiyyətə məlum olanlardır. Arxa fonda qalan, ictimailəşməyən neçə-neçə hadisələr də var. Mən keçən müsahibələrimin birində qeyd etdim ki, bu vəziyyətin qarşısını almaq üçün məktəblərə peşəkar psixoloq və pedaqoqlar cəlb olunmalıdır, məktəb şagirdlərinin bir qayda olaraq qəti şəkildə mobil telefon istifadəsi məktəb daxilində qəti şəkildə qadağan olunmalıdır. Məktəblərə Daxili İşlər Nazirliyinin nümayəndəsi dəvət olunmalı və şagirdlərlə maarifləndirici söhbətlər aparmalıdır, onlara etdikləri hərəkətlərin hüquqi tərəflərin anlatmalı və alacaqları hüquqi aspektdə cəzalar barədə xəbərdarlıq etməlidir”.
Ekspert bildirib ki, məktəblərdə həm geyim barədə, həm oğlanları özünü səliqəli saxlamaq barədə, həm qızların geyimi barədə özbaşınalıq var: “9-10-11-ci sinif şagirdlərinə diqqət edirik ki, üz tüklü, saç-baş bir-birinə qarışıb və şagirdlik formasından çıxıb. Adını Avropalaşmaq qoyub hər cürə sərbəstliyə yol veriblər. Bunlar qətiyyən yolverilməzdir. Sadaladığım bu xüsusiyyətlər cəmiyyətin gözündə kiçik bir şey kimi qarşılansa da əslində böyük problemlərə səbəb olur. Məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır, bunun üçün müəllim bugünkü bazar tələbatına uyğun maaşla təmin olunmalıdır ki, məktəbə maraq göstərib gəlib işləsin. Ən əsası da əvvəldə də qeyd etdiyim kimi, məktəblərdə psixoloji seminarlar keçirilməli, şagirdlər ora cəlb olunmalı, lazımi hallarda psixoloqlar problemli şagirdlərlə şəxsən işləməli (bu bir dəfə deyil, ən azı bir neçə seans olmalıdır) və çatışmazlıqları aradan qaldırmalıdır. Ən başda da müdiriyyət heyətinin göstərişinə əsasən məktəblərə mobil telefonla gələn şagirdlər üçün tədbirlər görülməli və qadağa qoymalıdır”.