Hansı ölkələrdə Azərbaycan manatına maraq var? - EKSPERT AÇIQLADI

27 Fevral 2024 10:52 (UTC+04:00)

Azərbaycan manatı dünyanın ən dəyərli 15 pul vahidi arasındadır. Bəs manatın istifadəsi hansı səviyyədədir? Hansı ölkələrdə Azərbaycan manatına maraq var? SİA mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimlinin fikrini öyrənib.

Ekspert bildirib ki, başqa ölkələrdə manatla depozit, manatın yığımı ilə rastlaşmayıb: “Manat bir kənara heç rubl, lirəyə o qədər maraq yoxdur. Dünyada bir neçə yığım valyutası var. Bunlar dollar, avro, funt-sterlinqdir, Avrstraliya və Kanada dollarıdır. Təzəlikcə yuen də bu sıraya qoşulub. Dünya ölkələrinin vətəndaşları üçün daha maraqlıdır. Manata marağın olması üçün təkcə manatın güclü olması kifayət etmir. Həm də kapital bazarlarının, şirkətlərinin səhmlərinin, istiqrazlarının olması və birjanın normal fəaliyyət göstərməsi vacibdir”.

X.Kərimli qeyd edib ki, manata ancaq daxildə maraq var: “Xaricdə də manata maraqlı ola biləcək şəxslər də həmvətənlərimiz, yaxud da Azərbaycanla biznes əlaqələri olan şəxslərdir. Məsələn Rusiyada, Türkiyədə hansısa ödənişi manatla qəbul edən fiziki şəxslər maraq göstərir. Manatın devalvasiyasından öncə Təbrizdə olarkən manata maraq var idi. Yerli camaat tüməndənsə manata üstünlük verirdi. Bunun xaricində manata xüsusi maraq yoxdur. Azərbaycan iqtisadiyyatı dünya miqyasında çox balacadır. Bundan əlavə xarici investor manatı alıb nə etsin? Burada gərək normal birjalar olsun ki, manat alıb Azərbaycan şirkətlərinin səhmlərini, istiqrazlarını alsın. İnsanlar valyutanı alaraq həmin ölkədə əmlak, səhmlər, istiqrazlar alırlar. Azərbaycanda buna uyğun şərait yoxdur. Həm də manatla bağlı ciddi risklər mövcuddur. İnvestor manatın məzənnəsinin necə hərəkət edəcəyini əsaslı təxmin edə bilmir”.