Neptun və Uranın ətrafında yeni peyklər aşkar edildi

25 Fevral 2024 23:43 (UTC+04:00)

Astronomlar Neptun və Uranın ətrafında əvvəllər məlum olmayan peykləri aşkar ediblər.

Günəş sistemində əvvəllər naməlum olan peyklər Havay və Çilidə teleskoplar vasitəsilə görülüb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Astronomlar Neptunun ətrafında fırlanan 2 peykdən başqa Uranın ətrafında daha bir kiçik peykin olduğunu aşkar ediblər.

Beynəlxalq Astronomiya Birliyi yeni kəşflərlə Neptunun peyklərinin sayının 16-ya, Uranın isə 28-ə yüksəldiyini açıqlayıb.

Vaşinqtondakı Karnegi Elmi İnstitutunun astronomu Skot Şepard (Scott Sheppard) kiçik peykin təxminən 27 il ərzində Günəşdən ən uzaq buzlu planet olan Neptun ətrafında bir orbitini tamamladığını söyləyib: “Yəqin ki, hələ kəşf edilməmiş çoxlu kiçik peyklər də var.”

Güman edilir ki, Uran ətrafında fırlanan və təxmini diametri 8 kilometr olan yeni peyk planetin peykləri arasında ən kiçiyidir.