Redaksiyamıza Dəmiryolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin ixtisas fənn müəllimi Cəfərov Mübariz Nəbi oğlu tərəfindən yazılmış şikayət ərizəsi daxil olub. Müraciət edən şəxs ona qarşı rəhbərlik tərəfindən haqsızlıq edildiyindən şikayətlənib. Fənn müəllimi qanunsuz hesab etdiyi halları məktububda bir-bir sadalayıb. Yazılanların doğru olub-olmadığını yoxlamaq üçün qarşı tərəflə və Peşə Təhsili Agentliyi ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da heç bir münasibət öyrənə bilmədik. Amma qarşı tərəfin məsələyə münasibətini öyrənməyə və dərc etməyə hazırıq.
Şikayətçi yazır:
“Bildirmək istəyirəm ki, 22 dekabr 2023-cü ildə Dəmiryolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində işlədiyim Tədris şöbəsinin müdiri vəzifəsindən Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işdən azad olundum. 2009-cu ildən Peşə Təhsili müəssisəsində pedaqoq işləməyimə, Müəllimlərin İşə Qəbulu imtahanından 3 dəfə uğurla keçməyimə və Peşə təhsili üzrə dərslik vəsaitinin müəllifi olmağıma baxmayaraq rəhbərlik bu qərarı vermişdir.
Qısa müddət keçdikdən sonra rəhbərliyin nədən bu qərara gəldiyi mənə məlum oldu. Belə ki, ölkəmizdə keçirilən seçkilərə cəlb olunmuş müəllimlərin dərslərinin əvəz olunmasında yaranmış boşluqlardan Peşə Təhsili Agentliyinin rəhbərliyinə məlumat vermədən neqativ halları ört-basdır edilmişdir. Belə ki, müəllimlərdən Məmmədov Şamil (Azərbaycan tarixi) və Əzizova Vüsalə (Fizika) seçkilərə cəlb olunsalar da onların tədris etdiyi 128 saat – Azərbaycan tarixi, 128 saat Fizika dərsləri tədris olunmamış və summativ qiymətləndirmələr aparılmamışdır. Beləliklə, 17 qrupun tələbələri təqaüd komissiyasının göz yumması nəticəsində təqaüd almışlar. Baxmayaraq ki, təqaüd komissiyasının sədri Nəzakət Abdullayeva və kadr üzrə baş mütəxəssis Mehparə Sofiyeva seçkilərə cəlb olunsalar da hər gün tədris prosesində və tədbirlərdə iştirak etmişlər.
Dəfələrlə müraciət etməyimə baxmayaraq beş aydan artıqdır ki, rəhbərlik pedaqoji Şuranın iclasını keçirmir və metodiki işlər aparılmır. Bununla da təhsilalanlar kütləvi surətdə tədrisdən kənar qalmışlar. Bu məsələnin araşdırılmasını kollektiv adından sizdən xahiş edirəm”.
Mövzunu davam etdirəcəyik.
M.MƏMMƏDOV