“Bu sahədə çox gecikirik” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

22 Fevral 2024 16:55 (UTC+04:00)

“Azərbaycanda çox sayda yaxşı rejissorlar, ssenaristlər və aktyorlar var. Amma onların səviyyəsində və xalqın mədəniyyətinə uyğun filmlər son zamanlarda demək olar ki, yoxdur. Fikrimcə, bizim yaxşı rejissor, ssenarist və aktyorlarımız biri-birilə işləyə bilmirlər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov deyib.

Deputat bildirib ki, müxtəlif sahələrin inteqrasiyası zəifdir: “Bu maliyyə və təşkilatçılıq işidir. Həmçinin proseslər birbaşa olaraq dünyada baş verənlərlə də bağlıdır. Çünki bizim sənət nümayəndələri dünya məşhurları ilə işləməyə çalışırlar, lakinin bunun da ciddi bir məsulunu görməmişik.

Maraqlısı odur ki, Mədəniyyət nazirliyi də bu istiqamətdə bir neçə aydır ciddi işlər görür. Bu mənada gənclərlə görüşlər xüsusilə diqqət çəkir. Lakin film, kino bir sənayedir və bir nəfərin səyi ilə ortaya iş qoyulması mümkün deyil.

Cizgi filmlərinin çəkilməsi isə daha vacib məsələdir. Çünki nisbətən yaşlı, orta yaş və gənc nəsil üçün milli kinolar çəkilib. Amma uşaqlar üçün cizgi filmi yox dərəcəsindədir. Uşaqlarımızın milli dəyərlərimizə yiyələnərək böyüməsi üçün milli cizgi filmlərinin çəkilməsinə böyük ehtiyac var. Cizgi filmləri sayca çox və keyfiyyətcə əla olmalıdır. Lakin hələ ki, bu sahədə çox gecikirik”.