“Barbie”, yoxsa milli gəlincik? - ARAŞDIRMA

22 Fevral 2024 16:06 (UTC+04:00)

Oyuncaqlar uşaqların vaxtlarını keçirmələri üçün əvəzolunmaz əşyalardır. Uşağın sağlam inkişaf dövrü keçirməsi üçün də onun həyatında oyun və oyuncaqların yeri çox önəmlidir.

Məlumunuzdur ki, oyuncaq mağazalarında on minlərlə oyuncaq satılır. Uşaqları üçün hansı oyuncağın daha uyğun olduğunu seçmək də ailələrin ixtiyarındadır. Bu zaman ailələrin üzərinə böyük bir məsuliyyət düşür və övladının həm psixoloji, həm də fiziki cəhətdən inkişaf dövrünə ən uyğun olan oyuncağı onlar seçməlidir.

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Hər bir uşaq məşhur oyuncaqlarla maraqlanır və onlara sahib olmaq istəyir. “Barbie” kuklaları qızlar üçün əvəzolunmaz oyuncaqlardır. Bu oyuncaq illərdir aramızda olsa da, uşaqların həyatına fərqli təsir göstərir. Uzun illərdir ki, Barbie kuklaları üzərində araşdırmalar aparılır. Belə ki, onun uşaqlara təsirləri araşdırılaraq bir çox zərərli təsirləri olduğu üzə çıxıb. Barbie kuklasının zərərləri əsasən uşaqlara psixoloji təsir göstərir.

Zərərlər

Tərkibində çirkləndiricilər var. Bir çox tədqiqatçılar Barbie kuklalarında kanserogen maddələr aşkar ediblər. Bu maddələr uşaqlara inkişaf prosesində gözləniləndən çox təsir edir.
Nümunə olaraq Barbie kuklalarının görünüşü götürülür. Bir çox gənc uşaq Barbie kuklasının ideal bədən quruluşuna malik olduğunu düşünərək böyüyür. Zamanla bu fikir uşaqların öz həyatında formalaşmağa başlayır. Bəzi psixoloji xəstəliklər bu düşüncənin vəsvəsə çevrilməsi ilə başlayır. Yemək pozğunluqları, sürətli çəki artımı və ya itkisi, hər zaman kökəldiyinizi hiss etmək bunlardan bəziləridir.

Barbienin qızlara təkcə bədən forması deyil, geyindiyi geyimlər də çox təsir edir. Barbie istehsal edildikdə, o, bir qədər qeyri-real olmaq üçün hazırlanmışdı. İnanılmaz bədən, gözəl geyim və məhdud hərəkət Barbilərdə görülən bir vəziyyətdir. Bu oyuncaqlar balaca qızlara xarici görünüşün çox vacib olduğunu və mükəmməl olmağı aşılayır.

Bu oyuncaq uşaqların üfüqlərini genişləndirə bilməz və maarifləndirici deyil. Bu oyuncaqlarla oynayarkən uşaqlara öz təxəyyülünü işə salmaq imkanı verilmir. Barbienin evləri, qarderobları və əşyaları dəst şəklində satıla bildiyi üçün uşaqların onları istehsal etmək üçün əlavə səy göstərməsinə ehtiyac qalmır və bu, uşaqların xəyal qurma həvəsini məhdudlaşdırır.

Peşəkar sahədə qadın təsvir olunanda belə, onların xarici görünüşü ön plandadır. Barbie kuklasının zərərləri deyərkən bəlkə də ağıla gələn son problem Barbienin bir peşəsi olsa belə, onun prioritetinin yenə də görünüşü olmasıdır. Əvəzində peşələrini vurğulayan oyuncaqlar uşaqlar üçün daha maarifləndirici, təbliğat xarakterli və gələcək planlamada təsirli olur.

Barbienin şəxsi münasibətləri mənfi nümunələr yarada bilər. Barbienin Ken ilə münasibəti uşaqlar arasında məlumdur. O yaşda olan bir uşağın öz oyunlarında dostluqdan bir addım kənarda olan münasibətlərdən istifadə etməsi çox zərərlidir.

Bütün bu səbəblərdən uşağa onun mədəni və etnik mənşəyini təmsil edən oyuncaqlar lazımdır. Övladlarına öz etnik mənsubiyyətini və mədəniyyətini simvolizə edən oyuncaqlarla oynamağa icazə verən valideynlər onlarda daha müsbət emosiyalar inkişaf etdirməyə kömək edir.

Barbie oyuncaq olmaqdan başqa bir çox şeyi simvollaşdırır:

- Arıqlıq
- Baxımlılıq
- Gözəllik
- Dəblilik
- Varlı həyat

İnsan Barbie nümunələri

Dünyada əsl Barbi kuklası kimi tanınan ukraynalı Valeriya Lukyanova bu illər ərzində keçirdiyi onlarla plastik əməliyyatdan sonra tam olaraq Barbiyə bənzəyir. Amma tək o deyil, rəfiqəsi Olqa Oleynik də eyni dəyişikliyi yaşayanlar arasındadır. Valeriya 5 yaşından Barbi kuklalarının pərəstişkarı olduğunu və həmişə ona bənzəmək istədiyini deyir.

ABŞ-da Castin Cedlika Barbi kuklasının sevgilisi Kenə bənzəmək üçün 100 min dollar xərcləyib və təxminən 100 dəfə bıçaq altına girib. 21 yaşlı gənc Ukraynanın Odessa şəhərindəndir.

Sonuncu "Barbi"nin adı Lolita Riçidir. O, Ukraynanın Kiyev şəhərindən olan 16 yaşlı gənc qızdır.

Bəs, niyə bizim milli oyuncaqlarımız, gəlinciklərimiz yoxdur? Bunun üçün nə etməliyik?

Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə: “Təəssüf ki, uşaqların milli ruhda böyüməsinin qeydinə yetərincə qala bilmirik. Bu problem həm də milli oyunların, milli oyuncaqların, milli cizgi filmlərinin olmaması və yaxud az olması ilə xarakterikdir. Uşaqlarda milli şüuru erkən yaşlarda formalaşdırmaq lazımdır. Əcnəbi atribut və əcnəbi musiqilərlə bunu etmək mümkün deyil.

Elə məsələlər var ki, onu özümüz edə bilərik. Uşaqlar üçün milli gəlincik hazırlamaq çoxmu çətindir? Azərbaycan düşmənin canına vəlvələ salan silahlar istehsal edirsə, niyə əl boyda oyuncaq istehsal etməsin? Nə vaxta kimi uşaqlarımız "barbie" oyuncaqları ilə yatıb-qalxacaqlar? Sadəcə, bu sahəyə diqqət ayırmaq lazımdır. Dövlətin uşaq və gənclər siyasətini həyata keçirən, buna görə birbaşa cavabdeh olan qurumlar var. Hesab edirəm ki, şou və reklam xarakterli fəaliyyətdən əməli fəaliyyətə keçmək lazımdır.

Milli cizgi filmlərimiz yox dərəcəsindədir. Olanlar da aşağı səviyyəli və maraqsızdır. Uşaqlarımız əcnəbi cizgi filmlərinə baxırlar. Ordakı qəhrəmanlar isə qorxunc və bədheybət varlıqlardır. Onlara baxanda nəinki uşaqlar, hətta böyüklər də qorxur. Cizgi filmləri zorakılığı, qəddarlığı deyil, humanizmi, tolerantlığı aşılamalıdır. Ekranda ancaq bədheybət varlıqları görən uşaqlardan ümumbəşəri ideyaların daşıyıcısı olmağı gözləməyə dəyməz”.

Psixoloq Leyla Əli: “Oyun uşaq inkişafında mühüm yer tutduğu kimi oyuncaqlar da bir o qədər önəmlidir. Məktəbəqədər yaş dövründə olan uşaqlar günün çox hissəsini oyuncaqlarla oynamaqla keçirir. Oyuncaqlar həyatın ilk illərində ünsiyyət və hissetmə bacarığının əsas açarlarlarından biridir. Uşaqlar dünyanı oyuncaq və oyunla kəşf edir. Oyun və oyuncaq öyrənməyə və inkişafa səbəb olmalıdır.

Valideynlər uşaqlara oyuncaq seçərkən nələrə diqqət etməlidir?

- Oyuncaq uşağın yaşına və inkişafına uyğun, cəlbedici olmaqla yanaşı keyfiyyətli olmalıdır.

- "Bahalı oyuncaq yaxşı oyuncaqdır” ifadəsi leksikondan çıxarılmalıdır. Oyuncaq uşağın inkişafı üçün faydalı olmalıdır.
- Oyuncaq psixi və fiziki sağlamliğa zərər verməməlidir.
- Uşağa şidddəti aşılayan oyuncaq almaq tamamilə yanlışdır. Təəssüf ki, müasir dövrümüzdə şiddət aşılayan oyuncaqlara rast gəlirik.
-
Təəssüf ki, milli mədəniyyətimizin nümunəsi olan oyuncaqlara demək olar ki, rast gəlmirik. Bu gün milli oyuncaqların əvəzinə başqa ölkələrin mədəniyyətini təmsil edən oyuncaqlara rast gəlirik. Bu oyuncaqlar isə uşaqlar üçün maraqlı olsa da fərqli mədəniyyəti daşıyır”.

Azyaşlı Mehri və Aybəniz İsmayılovanın anası Rüfanə İsmayılova: “Doğulandan bu günə qədər qızlarıma "Barbie" kuklası alıram. İlk hədiyyələri də "Barbie" olub. Qarşısını almaq mümkün deyil, çünki israrla istəyirlər. Alandan 1-2 gün sonra da sındırırlar. Bəzi uşaqlar yaxşı qoruyub saxlayır. Qiymətləri də çox bahadır.

Mən düşünmürəm ki, "Barbie"lər uşaqlara zərər versin. Onlar uşaqdır nəyləsə məşğul olmalıdırlar. Həyətə düşməyə o qədər də icazə vermirəm. Bunun tərəfdarı da deyiləm. Ona görə ev şəraitində əylənmələri üçün nə lazımdırsa almağa çalışıram. O qədər oyuncaq var ki, evdə artıq yer də yoxdur”.

Azyaşlı Dəniz Piriyevanın anası İlqanə Piriyeva: “Dəniz qız olsa da "Barbie" kuklaları heç sevmir. Gün ərzində qardaşı ilə onun oyuncaqlarından istifadə edir. Bəlkə də qardaşı ondan böyükdür deyə ancaq oğlan oyuncaqları gördüyü üçün belədir. Bir sözlə, marağı yoxdur deyə, heç almıram.

Açığı, "Barbie" kuklaları almağın tərəfdarı da deyiləm. Bu gün alırsan, sabah qırılır. Amma düşünmürəm ki, uşaqların psixologiyasına pis təsir etsin. Uşaqlıqdan hamımız belə oyuncaqlarla böyümüşük. Uşaq uşaq kimi böyüməlidir. Burada pis nə var ki? Düşünürəm ki, ən azından uşaqları telefondan ayırmaq üçün oyuncaq almaq daha yaxşıdır”.

Ayşən Vəli