İsrail həbsxanasında fələstinli məhkumlardan biri ölüb

21 Fevral 2024 20:45 (UTC+04:00)

Fələstinli Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsirlər və Azad Buraxılanlar Heyətinin birgə bəyanatında 53 yaşlı fələstinli Şavişin həyatını itirdiyi barədə məlumat verildiyi bildirilib.

SİA-nın əldə etdiyi məlumata görə, açıqlamada Şavişin işğal altındakı İordan çayının qərb sahilinin şimalında yerləşən Tubas şəhəri yaxınlığındakı Nafha həbsxanasında öldüyü qeyd edilib.

Açıqlamada “Halid Şeviş 2007-ci ildə həbs olunan və 11 dəfə ömürlük həbs cəzasına məhkum edilmiş işğal həbsxanalarında xroniki xəstələrdən biri idi” deyilib.

Açıqlamada Qəzza zolağına hücumların başladığı 7 oktyabr 2023-cü ildən bu yana İsrail həbsxanalarında həyatını itirən fələstinlilərin sayının 9-a yüksəldiyi qeyd edilib.

Fələstin rəsmilərinin açıqlamalarına görə, İsrail oktyabrın 7-dən bəri qisas əməliyyatları çərçivəsində həbsxanalardakı fələstinliləri “aclıq, təcrid və tibbi laqeydlik” kimi pozuntulara məruz qoyur.

7 oktyabr 2023-cü il tarixindən bu yana işğal altındakı İordan çayının qərb sahilində İsrail tərəfindən nəzarətə alınan fələstinlilərin sayının 7 min 120 olduğu bildirilib.