"Xocalı soyqrımının intiqamını aldıq” - MÖVQE BİLDİRİLDİ

21 Fevral 2024 17:01 (UTC+04:00)

“Xocalı faciəsi Azərbaycan xalqının taleyində və tarixində nə birinci, nə də sonuncu qətliam, soyqırımdır. XIX əsrin 80-ci illərində erməni şovinistləri, böyük Ermənistan xülyasına düşən erməni zadəganları və başda da erməni kilsəsi olmaqla böyük Ermənistan dövləti yaradılması cəfəng fikrini təbliğ etməyə başladılar. Təbii ki, bu fikir Qərbi də təmin edirdi. Çünki böyük Ermənistan planına görə, guya Aralıq dənizindən Qara dənizə, Qara dənizdən Xəzər dənizinə qədər olan ərazidə eradan əvvəl II əsrin sonu və eradan əvvəl I əsrin əvvəli guya Ermənistan dövləti olub və sonradan tarixdən silinib. Ermənilərin ən böyük iddiaları da o zaman Osmanlı İmperiyasına idi. Beləliklə də erməni millətçiləri böyük Ermənistan xülyasına düşmüşdü. Biz isə Azərbaycan ziyalıları olaraq hələ o zaman sadəcə olaraq ümmətin millətə çevrilməsi, millətin maarifləndirilməsi ilə bağlı mübarizə aparırdıq. XX əsrin əvvəllərində düşmən Azərbaycanın ayrı-ayrı bölgələri, o cümlədən Bakı şəhərində 1905-ci ilin fevralında azərbaycanlılara qarşı qırğına başladılar”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.

Deputat bildirib ki, düşmənin nə istədiyi bizə məlum olmadı: “O dövrdə iki dövlət arasında məişət problemləri olduğu bildirilsə də, bu fikir kökündən yanlış idi. 1918-ci ildə azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı miqyasına görə geniş, öldürülən əhali sayına görə isə dəhşətli idi. Yəni, şimali Azərbaycanda, Bakıda, Şamaxı, Quba, Qərbi Azərbaycan və Cənubi Azərbaycanda soydaşlarımıza qarşı minlərlə azərbaycanlı qətlə yetirildi. Çox təəssüflər olsun ki, 70 illik Sovet dönəmində ölkəmizə qarşı ciddi təbliğat aparıldı. Erməni kilsələri isə bu mübarizənin başında dururdu. Buna görə də SSRİ dağılan kimi düşmən Qarabağ uğrunda mübarizəyə başladı və həmyerlilərimizə işgəncə verildi. Qarabağda da bu cür qırğınlar törədilməyə başladı.

Qarabağda törədilən ən dəhşətli qırğınlardan biri də Xocalı faciəsi oldu. Ermənistanın Azərbaycana qarşı olan mənfi addımlarında hər zaman yanında müttəfiqi olub. Həmin dövrdə isə Sovet ordusu Ermənistanın ixtiyarında idi və azərbaycanlılara qarşı amansız qırğınlar törədildi. Bəlkə də ilk dəfə daha açıq və qəddar şəkildə ermənilərin türklərə olan nifrəti bəyan edildi. Xocalı faciəsi minlərlə azərbaycanlının evinin məhv edilməsi, 613 nəfərin amansızlıqla öldürülməsi ilə nəticələndi. Heç ikinci dünya müharibəsi illərində faşistlər işğal etdikləri ərazidə bu cür qəddarlıq etməmişdilər. Xocalı soyqırımı faciəli hadisə olmaqla yanaşı, həm də türk dünyasına ermənilərin xisləti ilə bağlı ibrət dərsi idi. 1993-cü ildə Ulu Öndərin hakimiyyətə gəlməsi ilə Ermənistanın havadarı olan ölkələrin iç üzü ortaya çıxarıldı və məsələyə lazımi qiymət verildi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə isə vətən müharibəsində qalib gələrək, torpaqlarımızı düşmən tapdağından azad etdik, Xocalı soyqrımının intiqamını aldıq”.