Səfir Rəşad Novruz etimadnaməsini Surinamın Prezidentinə təqdim edib - FOTOLAR

21 Fevral 2024 16:49 (UTC+04:00)

Azərbaycanın Respublikasının iqamətgahı Braziliya şəhərində olmaqla, dövlətimizin Surinamdakı səfiri Rəşad Novruz etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edilməsi məqsədilə 19-21 fevral tarixlərində Paramariboya səfər edib. SİA Azərbaycan Respublikasının Səfirliyinə istinadən xəbər verir ki, 20 fevral tarixində Prezident Sarayında müvafiq qarovul və digər rəsmi protokol qaydaları ilə səfirimizin etimadnaməsinin qəbulu mərasimi təşkil edilmişdir. Surinamın hərbi orkestri dövlət himnimizi ifa etmişdir. Görüşdə ölkə başçısı Çandrikapersad Santoxi ikitərəfli əlaqələrin inkişaf etdirməkdə maraqlı olduğunu bildirmiş və siyasi, humanitar, iqtisadi, ərzaq təhlükəsizliyi, neft - qaz sahələrində əməkdaşlıq potensialının yeni səviyyəyə qaldırılmaq, çoxtərəfli diplomatik təmas və qarşılıqlı dəstək razılıqlarının sayını artırmaq arzusunu vurğulamışdır. O, Azərbaycan Respublikası Prezidentinin yenidən seçilməsi və ökləmizin COP29 ev sahibliyinə yiyələnməsi münasibətilə təbrik sözlərini bildirmiş, səmimi salam və xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş etmişdir.

Səfir R.Novruz Prezident İlham Əliyevin salamlarını Surinamın ölkə rəhbərliyinə çatdırmışdır. Görüşdə ölkələrimiz arasında mövcud ikitərəfli və çoxtərəfli müstəvidə, xüsusilə BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığa söykənən münasibətlər məmnunluqla qeyd edilmiş, bu münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılmışdır.

Səfər çərçivəsində səfir R.Novruz həmçinin Surinamın xarici işlər naziri və bir neçə digər dövlət rəsmiləri ilə görüşlər keçirmişdir. Görüşlərdə iki ölkə arasında qarşılıqlı maraq doğura biləcək məsələlər ətrafında fikir mübadiləsi aparılmış, mümkün əməkdaşlıq perspektivləri nəzərdən keçirilmişdir.

Qeyd edək ki, hal-hazırda Surinam neft bumu yaşayır və müxtəlif ölkələrdən, o cümlədən ABŞ, Çin və Avropadan xarici sərmayələri cəlb edir. Ölkə, dağ-mədən sənayesi ilə yanaṣı kənd təsərrüfatı sahəsini də inkişaf etdirir. Ölkə Hollandiyanın müstəmləkəsi, daha sonra isə Niderland Krallığının tərkibində muxtar ölkə olub. 1975-ci ildə tam müstəqilliyini qazanıb. Əhalisinin yalnız 13 faizinin müsəlman olduğuna baxmayaraq İslam Əməkdaşlıq Təşkilatının üzvüdür.