XOCALI SOYQIRIMI 32 İL TƏHLİL

21 Fevral 2024 16:40 (UTC+04:00)

Biz artıq Xocalı soyqırımı qurbanlarının xatirəsini başıuca, qalib xalq kimi anırıq

32 il öncə - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalıda insanlığa, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirib. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, "Bütün Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımı öz son dərəcə qəddarlığı və qeyri-insani üsulları ilə bəşər tarixinə inanılmaz vəhşilik aktı kimi daxil olmuşdur. Bu soyqırım həm də bütün bəşəriyyətə qarşı tarixi cinayətdir". Bu soyqırımı nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin — qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyil. Otuz iki il keçməsinə baxmayaraq, faciənin acı nəticələrini unutmamalı, daim yadda saxlamalıyıq və gələcək nəsillər də erməni qəddarlığı barədə məlumatlandırılmalıdır. Erməni vandallarının otuz iki il əvvəl Azərbaycan xalqına, günahsız, əliyalın insanlara qarşı törətdiyi insanlığa sığmayan bu qatı cinayət əməlinin qurbanlarının xatirəsi uzun illərdir ki, xalqımız tərəfindən dərin hüznlə anılır.

XX əsr dünya tarixinin ən qəddar soyqırımı aktı olan Xocalı faciəsi haqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində bünövrəsini Ümummilli Lider Heydər Əliyevin qoyduğu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı imzaladığı Sərəncamda bildirilir ki, Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür: "1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü". Sərəncamda, həmçinin bildirilir ki, Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı, eləcə də Bağanıs Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel qətliamları ilə müşayiət olunan hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizə qədəri işğal edildi, 20 min vətəndaşımız qətlə yetirildi, 50 min nəfərdən artıq adam yaralandı və əlil oldu. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə qaldı.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV YENİDƏN AZƏRBAYCANDA HAKİMİYYƏTƏ GƏLDİKDƏN DƏRHAL SONRA XOCALI FACİƏSİNƏ HÜQUQİ-SİYASİ QİYMƏT VERİLƏRƏK ERMƏNİLƏR TƏRƏFİNDƏN TÖRƏDİLMİŞ İNSANLIQ ƏLEYHİNƏ CİNAYƏT AKTI "XOCALI SOYQIRIMI" KİMİ RƏSMİLƏŞDİRİLDİ

Xocalı soyqırımı törədildiyi dövrdə hakimiyyətdə olan qüvvələr nəinki bu dəhşətli hadisə haqqında beynəlxalq aləmə məlumat vermirdi, əksinə respublika ictimaiyyətindən belə əsl həqiqətləri gizlətməyə çalışırdı.

Əvvəlki hakimiyyət mənsublarından fərqli olaraq xalqımızın Ümummilli Lideri Heydər Əliyev yenidən Azərbaycanda hakimiyyətə gəldikdən dərhal sonra Xocalı faciəsinə Milli Məclis səviyyəsində hüquqi-siyasi qiymət verilməsinə nail oldu və ermənilər tərəfindən törədilmiş insanlıq əleyhinə cinayət aktı "Xocalı soyqırımı" kimi rəsmiləşdirildi. Ulu Öndərimiz, daha sonra isə cənab Prezidentimiz İlham Əliyev keçirdiyi bütün rəsmi görüşlər və iştrak etdikləri hər bir beynəlxalq səviyyəli tədbirlərdə Xocalı soyqırımı haqqında görüş və tədbir iştirakçılarına ətraflı məlumat verməklə dünya miqyasında bu müdhiş hadisənin tanıdılmasına xüsusi diqqət yetirdi. Respublikamızın diplomatik korpusu, diaspora təşkilatları Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması işinə cəlb edildi. Xocalı soyqırımının beynalxalq səviyyədə tanıdılması işində Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın başlatdığı "Xocalıya ədalət" kampaniyası çərçivəsində aparılan ardıcıl və silsilə tədbirlərin müstəsna rolu olduğunu xüsusi qeyd etmək lazımdır. Aparılmış məqsədyönlü siyasət sayəsində dünyanın doqquz dövlətinin və ABŞ-ın 20-dən çox ştatının parlamentləri Xocalı soyqırımına həsr olunmuş xüsusi qətnamələr qəbul etmiş, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını rəsmən tanımışdır. Bu gün də Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ardıcıl iş aparılmaqdadır.

"TƏHLÜKƏSİZLİK ŞURASININ QƏTNAMƏLƏRİNİN TƏLƏBLƏRİNİN YERİNƏ YETİRİLMƏSİ VƏ TARİXİ ƏDALƏTİN BƏRPA EDİLMƏSİ UĞRUNDA VƏTƏN MÜHARİBƏSİNƏ QALXDI"

Sərəncamda o da bildirilir ki, Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı əzəli torpaqlarının işğaldan qurtarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda Vətən müharibəsinə qalxdı: "Vətən müharibəsinin gedişatında Ermənistanın Gəncəni, Bərdəni, digər şəhər və kəndlərimizi kütləvi məhvetmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alması bir daha sübut etdi ki, zamanla metodlar dəyişsə də, mülki əhaliyə qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir. 44 gün sürən döyüşlər nəticəsində rəşadətli Azərbaycan Ordusu parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi. "Haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərilmiş, 2008-ci ildən isə bu fəaliyyət "Xocalıya ədalət!" beynəlxalq kampaniyası ilə geniş vüsət almışdır. Hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilmişdir. Xocalı soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar.

"AZƏRBAYCAN XALQI HEÇ BİR VAXT XOCALI FACİƏSİNİ UNUTMAYACAQ"

Xocalı soyqırımı təkcə Azərbaycan xalqının deyil, bütün insanlığın faciəsidir. Bu il xalqımız Xocalı soyırımının 30 illiyini 44 günlük müharibədə Qələbə qazanmış, 2 min nəfərdən çox Xocalı qurbanlarının qisasını almış qalib xalq kimi, güclü millət kimi yad edəcək. Bu 44 günlük savaşda qazandığımız böyük Zəfərlə biz bütün dünyaya göstərdik ki, illərlə göz yumduğunuz ədalətsizliyi Azərbaycan xalqının, rəşadətli Ordumuzun, müdrik Ali Baş Komandanımız Prezident İlham Əliyevin "Dəmir yumruq" siyasətinin gücü ilə əldə etdik. Bu qələbə Prezident İlham Əliyevin dünyanın nüfuzlu KİV-lərinə verdiyi geniş və tutarlı müsahibələrlə ölkəmizə qarşı yönələn haqsız hücumları, qaralama kampaniyalarını müvəffəqiyyətlə dəf etdi. Budur İkinci Qarabağ müharibəsindən sonrakı yeni Azərbaycan reallıqları və Xocalı faciəsinin növbəti 30-cu ildönümünə bu yeni reallıqlarla gedirik.

İŞĞALÇI ERMƏNİSTAN BU GÜN DƏ ÖZ MƏNFUR NİYYƏTİNİ DAVAM ETDİRİR

Beynəlxalq hüquq müstəvisində Ermənistanın işğalçı, eyni zamanda, terrorçu dövlət olduğunu tam şəkildə sübuta yetirən yetərincə faktlar mövcuddur. Çox təəssüflər olsun ki, işğalçı dövlət bu gün də öz mənfur niyyətini davam etdirir. Aərbaycanın həm diplomatiya sayəsində, həm də döyüş meydanında əldə etdiyi üstünlük qarşı tərəfdə narahatlığa, təşvişə səbəb olur. Ermənistanın işğal olunmuş ərazilərdəki qanunsuz hərəkətləri, mülki şəxslərin atəşə tutulması və bu yolla dinc əhaliyə qarşı etdiyi cinayətlər onun terroru, soyqırımını tarix boyu siyasətinin əsas elementi kimi həyata keçirdiyini bir daha sübuta yetirir. Özləri haqqında "məzlum xalq" obrazı yaratmağa çalışan ermənilər bu gün də dünya ictimaiyyətini qondarma soyqırımı iddiaları ilə çaşdırmağa çalışırlar. Ermənistan, sözün əsl mənasında, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünyanı aldatmağa xidmət edən yalançı manevrlərini işə salaraq, beynəlxalq humanitar hüquq öhdəliklərinin əsas norma və prinsiplərinə etinasızlıq göstərməyə davam etməklə özünü ifşa edir.

Artıq bir dəfə Xocalı soyqırımı (1992) törətmək təcrübəsi olan Ermənistan 44 günlük II Qarabağ müharibəsində də dinc azərbaycanlı əhaliyə qarşı növbəti belə faciəni törətmək cəhdini həyata keçirdi. Müharibənin getdiyi döyüş bölgəsindən bir xeyli aralıda yerləşən, hərbi əhəmiyyət daşımayan, Azərbaycanın ikinci ən böyük şəhəri Gəncə başda olmaqla Bərdə, Mingəçevir və digər şəhər və rayonlarda mülki əhalini hədəf seçən Ermənistan 28 il əvvəlki faciəni təkrarlamaqla yenidən istəyinə nail olub, insanlar arasında qorxu, təşviş yaradaraq yaşadıqları əraziləri tərk etmələrinə çalışsalar da, onlarla ölüm-itim olmasına baxmayaraq ballistik raketlərdən endirilən zərbələr də bu dəfə bir nəticə vermədi. Azərbaycanın qisası qiyamətə qalmadı. Xüsusilə, son 18 il ərzində atılan addımlar Azərbaycanın o qisas gününə hazırlıq məqsədi daşıdı. Qisas hissi daha da alovlanan xalq Ali Baş Komandanının və Ordusunun ətrafında sıx birləşərək düşmənin üstünə əliyalın belə getmək üçün cəbhəyə can atdı. Bu həmrəylik, birlik nəticəsində Azərbaycan 30 illik Vətən həsrətinə son qoydu.

Prezident İlham Əliyev şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşündə çıxışı zamanı bildirdi ki, nəhayət o qisas günü yetişdi: "Biz bütün bu illər ərzində müharibəyə hazırlaşırdıq, bunu heç gizlətmirdik". Nəhayət, o gün yetişdi. Bir vaxtlar Xocalıdan və digər işğal edilən ərazilərdən ayaqyalın, gözyaşı içində qucaqda çıxan körpələr Vətən Müharibəsi zamanı tank üstündə gülə-gülə qisasını almaq üçün irəli atıldı və doğma yurd-yuvasını düşməndən azad etdi. Və bununla da Xocalı qurbanlarının da qanı İkinci Qarabağ müharibəsində alındı.

XOCALI FACİƏSİNİN BEYNƏLXALQ HÜQUQA ƏSASƏN, MƏHZ SOYQIRIMI OLDUĞUNU TƏSDİQ EDİR

Artıq dünya ictimaiyyəti Azərbaycan rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bu soyqırımından xəbərdardır, onun tanınması istiqamətində görülən işlər də öz bəhrəsini verməkdədir. İnsanlıq əleyhinə törədilmiş bu faciənin tanıdılması istiqamətində dövlət tərəfindən görülən işlərin miqyası ildən-ilə genişlənməkdədir. Prezident İlham Əliyev Xocalı faciəsini xalqımızın tarixində ən dəhşətli qətliam kimi qiymətləndirərək bildirib ki, bu dəhşətli cinayətin dünya ictimaiyyətinə çatdırılması hər bir azərbaycanlının ən ümdə vəzifələrindən biri olmalıdır: "Bu istiqamətdə görülən işləri razılıqla qeyd etməklə yanaşı, onu da bildirmək istərdim ki, tədbirlər daha əhatəli, planlı şəkildə aparılmalı və əlaqələndirilməlidir. Bu işdə Azərbaycan və türk diaspor təşkilatlarının yeni yaradılan birliyi, fəaliyyətinin əlaqələndirilməsi böyük əhəmiyyətə malik ola bilər. Biz mübarizədə öz gücümüzə, potensialımıza, beynəlxalq hüquqa, dünya azərbaycanlılarının həmrəyliyinə arxalanırıq".

HƏR KƏSİ "XOCALIYA ƏDALƏT!" KAMPANİYASI HƏQİQƏTLƏRİ DÜNYAYA ÇATDIRMAĞA ÇAĞIRIŞIDIR

Hər il olduğu kimi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva XX əsrdə dünyada baş vermiş və dünya ictimaiyyətinin qarşısını almaqda çətinlik çəkdiyi faciəvi hadisələrdən biri kimi Xocalı soyqırımı ilə bağlı "Xocalıya ədalət!" beynəlxalq maarifləndirmə kampaniyası aparır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən kampaniya Xocalı soyqırımının, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədi daşıyır. Kampaniyanın fəaliyyəti, həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsinə, sağ qalmış ailələrə dəstək göstərilməsinə, bu hadisələrin yaddaşlarda yaşamasına, xüsusən də, gənc nəsil tərəfindən unudulmamasına yönəlib. Kampaniya çərçivəsində təşkil edilən tədbirlərdə əsas diqqət kütləvi qırğınlara, etnik təmizləmə, irqi və ya dini ayrı-seçkilik hallarına qarşı güclü müqaviməti nümayiş etdirməyə, Xocalı soyqırımı qurbanları ilə həmrəyliyi ifadə etməyə və Xocalıda azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə cəzasızlıq halları ilə mübarizəyə istiqamətlənib. Bu kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir.

Azərbaycan hökumətinin və Heydər Əliyev Fondunun gördükləri bu unikal işlərin sayəsində artıq dünya ictimaiyyəti Xocalı həqiqətlərini qəbul edir. Faciənin hər ildönümündə dünyanın bir çox ölkələrində Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər keçirilir, ermənilərin vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, materiallar nümayiş etdirilir. Hər il nüfuzlu xarici nəşrlərdə faciəyə həsr olunmuş məqalələr çap olunur, televiziya və radio kanallarında verilişlər hazırlanır. Bu dəhşətli cinayətin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır. Artıq Pakistan, Meksika, Kolumbiya, Çexiya və Rumıniya parlamentləri, eləcə də ABŞ-ın xeyli ştatı Xocalı soyqırımını tanıyıb.

Bu gün hər bir azərbaycanlı bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi Qələbənin sevincini yaşayır. Eyni zamanda, biz artıq o insanların ruhunu utanaraq, məğlub xalq kimi deyil, başıuca, qalib xalq kimi anırıq. 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun parlaq Zəfəri ilə başa çatıb. 44 günlük Vətən müharibəsi nəticəsində ermənilər tərəfindən işğal edilmiş torpaqlarımız azadlığa qovuşub. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu Ermənistanın işğalçılıq siyasətinə son qoydu.

Qəhrəman ordumuz Ali Baş Komandanımızın əmri ilə 2020-ci il sentyabrın 27-də başladılan "Dəmir yumruq" əməliyyatı ilə düşməni darmadağın edərək doğma Qarabağımızı 28 illik əsarətdən xilas etdi. Xocalı soyqırımının növbəti ildönümü ərəfəsindəyik, bu il əvvəlki illərdən fərqlidir, ona görə ki, Xocalı şəhəri 2023-cü il sentyabrın 19-da rəşadətli Ordumuzun apardığı lokal xarakterli antiterror tədbirləri nəticəsində düşmən tapdağından azad edilib. Sentyabr ayının 24-də isə Xocalı şəhəri Azərbaycan Respublikasının tam nəzarətinə keçdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabr ayının 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağını ucaltdı. Bu gün artıq soyqırım qurbanlarının narahat ruhu şaddır, bu da həm onların ailə üzvləri, həm də xalqımız üçün böyük bir təsəllidir.

Vətənimizin bütövlüyü uğrunda canını qurban vermiş bütün şəhidlərə, o cümlədən Xocalı soyqırımının qurbanlarına Allahdan rəhmət diləyir, bütün qazilərimizin tezliklə sağalmasını arzulayırıq.

RƏFİQƏ KAMALQIZI