Bakı-Quba yolunun ödənişli olan hissəsində sürət həddi olmasına baxmayaraq yolda radarlar quraşdırılmayıb. Fürsətdən istifadə edən sürücülər yüksək sürətlə avtomobil idarə edərək təhlükə yaradır, hətta bu yaxınlarda qəza da törədilib. Bu problemin həlli üçün hansı addımlar atılmalıdır? Ümumiyyətlə sürücülər nə üçün qaydalara əməl etməyərək təhlükəli vəziyyət yaradır? SİA mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədovun fikrini öyrənib.
Onun sözlərinə görə, belə hadisələr çox təəssüfləndiricidir: “Bu tipli hadisələr həmişə müəyyən problemlərə gətirib çıxarır. Qəzalardan da əlavə bu hallar Azərbaycanda cəmiyyətində birmənalı qarşılanmır. Burada söhbət yol hərəkəti qaydalarının pozulması, riayət edilməməsi kimi amillərə əsaslanmaqdan da əlavə hər bir sürücünün məsuliyyəti olmalıdır. Sürücü bu məsuliyyəti dərk etməlidir. Hər bir insanın öz-özlüyündə bir hesabat xarakterli düşüncəsi olmalıdır. Bu yolla bu tip hadisələrdən sığortalanmaq mümkündür”.
Ekspert bildirib ki,bəzən sürücülər bu tip yollarda adrenalin yaşamaq, gənclik əyləncəsi yaşamaq üçün müəyyən yol hərəkəti qaydalarını pozur və digər sürücülərə müəyyən problem yaradırlar: “Bunun baş verməməsi üçün hər bir şəxs öz məsuliyyətini anlamalıdır. Yol Hərəkəti Haqqında Qanunda da bu qaydalar açıq şəkildə göstərilib. Belə yollarda radarlar və sürət ölçən cihazların quraşdırılması o demək deyil ki, həmin hadisələr yenə baş verməyəcək. Çünki bəzi sürücülər radara yaxınlaşdıqda əyləcə basır. Ərazini keçdikdən sonra davam edir. Bu cür hadisələr getdikcə qorxulu hal alır. Ona görə də ehtiyatlı olmaq, qaydalara əməl etmək lazımdır”.