23 fevralı “Kişilər günü” kimi qeyd etmək olarmı? - SORĞU

20 Fevral 2024 16:48 (UTC+04:00)

Keçmişə nəzər salsaq, SSRİ-də 23 fevral tarixi Sovet ordusunun yaranma günü kimi qeyd olunurdu. Belə desək, “Kişilər günün”ün yaranmasında 1918-ci ilin 23 fevralında SSRİ Xalq Komissarları Sovetinin “Sosialist vətəni təhlükədədir” ilə yaydığı çağırış idi. 23 fevral SSRİ zamanında " kişilər bayramı", "kişilər günü" kimi qeyd edilirdi. Hal-hazırda Azərbaycanda da bu 23 fevral “ Kişilər günü” kimi qeyd edilir. Bunu bayram günü olaraq hesab edən də var, etməyən də. Bəs, sizcə, 23 fevral keçirilməlidirmi? SİA bu mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu keçirib. Gəlin görək, insanların bu mövzu ilə bağlı hansı fikirləri var?

Şəhər sakini Fatimə Qasımova: “Əvvəllər SSR-nin dövründə ordu günü münasibətilə keçirilən bayram hal-hazırda keçirilməli deyil. Bu bayramı 8 noyabr qələbə günü zamanı “Kişilər günü” keçirilə bilər. Yalnız belə olduqda bu bayram keçirilə bilər. Bunu da qeyd etmək istəyirəm ki, 23 fevral bizə aid deyil”.

Şəhər sakini Zərifə Balaverdiyeva: “Düşünürəm ki, kişilər günü qeyd edilməməlidir. Həmin o gün nəyə aiddirsə, o ad olmalıdır. 23 fevral əvəzinə 9 may Qələbə günü qeyd edilsə düzgün olar. Hədiyyə alınıb-alınmaması haqqında bir fikir demək lazımdırsa bu qərar insandan-insana görə, dəyişir".

Şəhər sakini Zahir Sadıxov: “Əvvəla bayram hər kəs üçün bayramdır. Mənə görə bu ad çox eybəcər bir addır. Kişilər bayramı heç bir gündə keçirilməməlidir, bu düzgün deyil. Qadınlar incədirlər, zərifdirlər ona görə onlar üçün 8 Mart keçirilir. Amma kişinin nə bayramı olacaq ki? Dediyim kimi bunun adı belə çox pis səslənir. Ona görə də bu bayramın olmasını düzgün hesab etmirəm”.

Şəhər sakini Fazilə Əzizzadə: “Fikirləşirəm ki, məhz 23 fevral yox bu bayram başqa bir gündə keçirilə bilər. Necə ki, 8 mart bildiyimiz kimi qadınların öz azadlıqları uğrunda mübarizə apardığı üçün onların anımına ayrılmış gündür. Həmçinin bu günün mənasız gəlməyi kimi, kişilər günü də mənasız gəlir. Ümumiyyətlə biz cəmiyyətdə çalışmalıyıq ki, həm kişilər, həm də qadınlar bir şəkildə həmrək kimi yaşayıb, hər günümüzü bayram kimi qeyd edib, bir-birimizə xoş davranaq. Məncə hər bir kişi həyatında önəmli saydığı bir günü bu şəkildə qeyd edə bilər”.

Şəhər sakini Səbinə Əsədova: “8 mart Beynəlxalq Qadınlar Günü kimi qeyd olunursa, 23 fevralda kişilər günü kimi qeyd olunmalıdır. Mən bu günə, bayrama pis baxmıram və normal qarşılayıram. 23 fevralda da kişilərə hədiyyə alınmalıdır. Kişilər günü nəinki 23 fevral düşünürəm ki, 27 sentyabrda da keçirilə bilər. Kişilər günündə onlara hədiyyə alınmasına pis baxmıram, çox normaldır. Qadınlar günü olduğu kimi onlarda da kişilər bayramı qeyd edilə bilər”.

Şəhər sakini Əli Bayramov: “23 fevral tarix böyüklər tarixidir. Azərbaycanın dahi tarixlərindən biridir. Ona görə bu günün keçirilməyi ola bilər. 23 fevralın tarixi çox böyükdür, keçmişdə də, indidə. Hər bir bayram bizim üçün çox dəyərli, əzizdir. Keçmişdə başqa bir gün olaraq anılsa da, indi bu kişilər bayramı olaraq qeyd edilir”.

Şəhər sakini Fatimə Təhməzova: “Belə deyə bilərəm ki, 23 fevral kişilər günü kimi əlamətdar gün kimi hesab edilməməlidir. Düşünürəm ki 23 fevral yox 8 noyabr olması məqsədəuyğun hesab olunar. Çünki torpaqlarımızın azad edilməsi, həmin tarixə təsadüf edir. Bu bayram keçirilməlidir. Dediyim kimi onlar sayəsində torpaqlarımız azaddır və qadınlarda olduğu kimi onlarda da bir gün olmalıdır. Qısa desək bu günün keçirilməsinə qarşı deyiləm”.

Şəhər sakini Rövşən Abduləzizov: “Məncə bu bayram keçirilməməlidir. Belə qeyd edim ki, bu SSR-nin silahlı qüvvələr günüdür və Azərbaycanda qeyd olunmamalıdır. Kişilər günü 23 fevral yox 8 noyabr tarixində keçirilsə daha düzgün olar. Ümumiyyətlə kişilər günü olması düzgün deyil”.

Şəhər sakini Arif Kərimli: "Kişilər günü 23 fevral deyil 26 iyunda Silahlı Qüvvələr günündə qeyd olunmalıdır. Belə desək o vaxt, ilk dəfə 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı. 8 mart qadınlar bayramı olduğu kimi, kişilər günü də qeyd edilməli, qəbul olunmalıdır. Bu çox normal bir haldır və daim belə bayramlar keçirilməlidir”.

Şəhər sakini Səbuhi Qədirov: “ Kişilər gününü 23 fevral yox 9 may Qələbə günündə qeyd etmək olar. Çünki 23 fevral SSR-i dövrünə aiddir və orda iştirak edənlərin bayramıdır. Lakin 9 may daha məqsədəuyğundur və məhz bu gün keçirilsə yaxşı olar. Hal-hazırda qızların da bir çoxu deyir ki, qadın və kişi hüququ bərabərliyi var və qadınlarda 8 mart var, analar günü var. Yəni nisbətən qadınların günü daha çoxdur, bu kişilər üçündə belə olmalıdır”.