Çörəyi qida rasionumuzdan çıxarmalıyıq? - DİETOLOQ AÇIQLADI

19 Fevral 2024 11:32 (UTC+04:00)

"Çörək yemək mövzusu hamıda çaşqınlıq yaradan məsələlərdən biridir. Bir çoxları bildirir ki, çörəyi rasiondan çıxarmaq lazımdır, digərləri tam əksini söyləyir. Təəssüf ki, günümüzdə mediada kirli məlumatlar yayanlar da kifayət qədərdir. Guya çörəyin tərkibində qliselin var, bu, sağlamlıq üçün zərərlidir, az qala zəhərli olduğunu qeyd edirlər. Bütün bunlar insanlarda panika yaradır”. Bu sözləri SİA-ya diyetoloq Tutu Zeynalova deyib.

Diyetoloq bildirib ki, çörək istifadə etmək lazımdır, sadəcə, miqdar önəmlidir: “Əgər siz çörəyi rasiondan çıxarmaq istəyirsinizsə, çörək qrupuna daxil olan digər qidaları yeməlisiniz. Bu, qarabaşaq, bulqur, düyü, kartof və s.-dir. Çünki bizim gündəlik balanslı qidalanmamızda həm karbohidrotlar, həm proteinlər, həm də yağlar kifayət qədər olmalıdır ki, orqanizmimiz öz funksiyalarını normal yerinə yetirsin. Əks təqdirdə, saç tökülməsi, menustral pozğunluq kimi problemlər meydana gələ bilər".

"Çünki çörəyi, yağı rasiondan çıxaran adam elə bilir ki, qısa müddətdə çəki atır və bu, belə də davam edəcək. Amma bəli, ağ çörəyin qliselin indeksi yüksəkdir deyə, qan şəkərini artırır. Ona görə də, ağ çörəkdən istifadə etməyi məsləhət görmürük. Lakin çovdar, kəpəkli, qarabaşaq, mərcimək, tam buğda unundan hazırlanan çörəkləri yemək daha yaxşıdır. Yenə də qeyd edirəm ki, miqdar önəmlidir, limitsiz istifadə etmək olmaz”,- deyə o əlavə edib.

Ləman Sərraf