"Azərbaycanda iş sektorunda dil bilgisi məsələsi şablona çevrilib" - EKSPERT NARAZILIQ ETDİ

16 Fevral 2024 13:58 (UTC+04:00)

Bir çox müəssisələr işçi axtararkən xarici dil biliyinə önəm verir. İşin maraqlı tərəfi isə odur ki, bir çox hallarda şəxsin görəcəyi iş zamanı xarici dil biliyinə ehtiyac yoxdur. Azərbaycandakı bu xarici dil biliyi nədən qaynaqlanır? Həqiqətən hər yerdə buna ehtiyac varmı? Ümumiyyətlə xarici dil biliyi hansı ixtisaslı kadrlarda daha çox önəm daşıyır? SİA mövzu ilə bağlı təhsil eksperti Elçin Muradın fikrini öyrənib.

Ekspertin sözlərinə görə, məsələ belədir ki, Azərbaycanda iş sektorunda dil bilgisi məsələsi bir növ ənənəyə, şablona çevrilib: “Bir çox sahədə ehtiyac oldu və ya olmadı işə qəbul ilə bağlı tələblər siyahısında "dil bilgisi tələb olunur" və ya "dil bilgisi olanlara üstünlük verilir" müddəalarını görə bilirik. Təəssüf ki, bu gün gənc nəslin nitqində biz o şeyin şahidi oluruq ki, "oxumaq mənə lazım deyil, dil öyrənib kompüter kursuna gedib sonra başlayacam işələməyə" bunun günahkarı da, təbii ki, cəmiyyət tərəfindən bu cür yönləndirilməyə məhkum olmasıdır”.

E.Murad bildirib ki, dil bilgisinin lazım olduğu sektorlar, əsasən, tərcüməçiliklə bağı sahələr, səfirliklər, turistik sahələr, gömrüklər olmalıdır: “Böyük və ya kiçik mağazaların, dilin istifadə olunmadığı başqa başqa yerlərin dil bilgisi tələb edərək gələn vakantları geri çevirməyi mənasız məqsədə uyğun deyil. Bunun müəyyən bir ölçü götürülməli, dövlət tərəfindən buna xüsusi nəzarət edilməlidir. Çünki belə hallar işsizliyin artmasına səbəb olur”.