“Son 5 ildə Azərbaycan təhsilində çox ciddi dəyişikliklərin şahidi olmuşuq“ - EKSPERT DANIŞDI

15 Fevral 2024 12:26 (UTC+04:00)

“Son 5 ildə Azərbaycan təhsilində çox ciddi dəyişikliklərin şahidi olmuşuq. Belə ki, 2018-ci ildə Təhsil Haqqında Qanuna edilən dəyişikliklərdən sonra Azərbaycanda ali təhsil müəsssisələrinə qəbul qaydalarında, ali təhsilə əlçatanlıqda kifayət qədər müsbət irəliləyişlər olub. Azərbaycanda istər ali təhsil, istərsə də orta ixtisas təhsilinin pandemiya səbəbindən onlayn qaydada keçirilməsi təhsilin keyfiyyətinə ciddi şəkildə təsir göstərə bilmədi. Son 5 ilin rəqəmlərinə baxdıqda görürük ki, ali təhsil müəssisələrinə qəbul olanların sayında kəskin artım var. Təkcə 2023-cü ildə bu rəqəm 55 mindən çox olub və gələcəkdə bu rəqəmin artması gözlənilir”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.

O bildirib ki, son illərin ən ciddi uğurları sırasında ilk yeri müzəffər Ali Baş Komandanın rəhbərliyi altında tarixi torpaqlarımızın işğaldan azad edilməsi və orada təhsilin bərpa olunması oldu: “Artıq bizin tarixi torpaqlarımızda orta təhsil müəssisələrində şagirdlərimiz təhsil alırlar. Bu il isə Qarabağ Universiteti fəaliyyətə başlayıb ki, bu çox mühüm bir hadisədir.

Son 3 ildə beynəlxalq olimpiyadalarda ciddi uğurlar əldə etmişik. Fənn olimpiyadalarında əldə etdiyimiz medalların sayında ciddi artımlar var.
Struktur islahatları da təhsilin inkişafında mühüm rol oynayaraq, təhsilin inkişafına müsbət töhfəsini verir. Son 5 ildə peşə təhsilinə də ciddi şəkildə maraq artıb, bu da olduqca sevindirici haldır.

Təbii ki, uğurlarımız çoxdur və hələ qarşıda mühüm gözləntilərimiz var”.