Bu gün Azərbaycan Televiziyasının 68 yaşı tamam olur. Azərbaycan Televiziyasının bu illər ərzindəki fəaliyyəti Azərbaycanda televiziyanın inkişafına hansı töhfələri verib? SİA mövzu ilə bağlı Mətbuat Şurasının sədri Rəşad Məcid və Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin “Multimedia və elektron kommunikasiya” kafedrasının müdiri Qulu Məhərrəmlinin fikrini öyrənib.
Rəşad Məcid Azərbaycan Televiziysının 68, Mədəniyyət kanalının 13 yaşını təbrik edib: "Azərbayan Televiziyası uzun illərdir ki, informasiyanın yayılması, dilimizin qorunması, mədəniyyətimizin təbliği istiqamətində böyük işlər görüb. Bu gün də bizim çoxlu televiziyalarımız içərisində ana televiziyamız olan Azərbaycan Televiziyası ən ön sıradadır. Bu gün müasir dövrün trendləri və yeni sosial mediada Azərbaycan Televiziyası fəallıq göstərir. Eyni zamanda siyasi proseslərdə AzTV-nin “Həftə” verilişi hesab edirəm ki, Azərbaycan dövlətçilik xəttini və dövlət siyasətini ən uğurla yerinə yetirən informasiya qurumlarımızdan biridir. Mən bütün AzTV əməkdaşlarını təbrik edirəm. Eyni zamanda Mədəniyyət TV-nin də 13 yaşını təbrik edirəm. Mədəniyyətimizin, mədəni dəyərlərimizin təbliğində Mədəniyyət TV-nin rolu böyükdür. Mən çox maraqla bu kanalı izləyirəm. Oradakı dəyərli verilişlər Azərbaycan xalqı üçün vacibdir".
Qulu Məhərrəmlinin sözlərinə görə, televiziya bəşəriyyət tarixində texniki nailiyyət kimi ortaya çıxması ilə dünyanın tərəqqisində çox ciddi rol oynayır: "Eləcə də Azərbaycanda 1950-ci illərdən sonra televiziya quruculuğu sahəsində aparılan axtarışlar sırf texniki nailiyyət kimi meydana çıxdı. 1956-cı il fevralın 14-dən müntəzəm yayıma başlayan Azərbaycan Televiziyası həm o dövr sovet sistemində təbliğat vasitəsi kimi, həm də daha sonralar elmin, mədəniyyətin, musiqinin və xüsusilə ana dilinin tərəqqisində çox ciddi rol oynayıb. Ona görə də biz, Azərbaycan Teıeviziyasına müəyyən mənada minnətdar olmalıyıq ki, o bu xalqın tarixi yaddaşının qorunub saxlanmasında, mədəniyyətinin tərəqqisində, musiqi mədəniyyətinin tərəqqisində, ana dili normalarının qorunub, möhkəmlənib, inkişaf etməsində ciddi rol oynayıb".