"Ermənistanın təxribatları təsadüfi baş verməyib" - ŞƏRH EDİLDİ

13 Fevral 2024 17:54 (UTC+04:00)

"Ermənistan dövləti bir tərəfdən sülh müqaviləsi üzrə danışıqlarda sadiqliyini nümayiş etdirir, digər tərəfdən də şərti sərhəddə təxribatlar törədir. İrəvanın həssas dönəmdə bu cür addımlarının bir neçə səbəbi var". Bu barədə SİA-ya açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib.

Onun sözlərinə görə, səbəblərdən birincisi, Azərbaycanda keçirilən prezident seçkilərindən sonra Avropa ölkələri ilə münasibətlərin nisbətən normallaşması gözlənilir: "İkinci Qarabağ müharibəsindən sonra ciddi şəkildə Qərbə meyillənən Ermənistan həmin dairələrə ölkəmizə qarşı təsir vasitəsi kimi baxır. Ona görə də təxribatlar törətməklə Azərbaycanı qıcıqlandırır və özünü günahsız, təcavüzə uğrayan dövlət kimi təqdim edir. Nəticədə isə beynəlxalq təşkilatlarda ölkəmiz əleyhinə dividedlər qazanmaq istəyir. Bu səbəbdən də Azərbaycanın Avropa ölkələri ilə münasibətlərinin normallaşmasını istəmir və imkan düşdükcə buna süni maneələr yaratmaq üçün planlı işlər görür. Amma hadisənin videogörüntüsünün olması Ermənistanın həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyət qarşısında əsl niyyətini oraya qoydu. Həmçinin əsassız iddialarını daha da zəiflətdi".

Ekspert bildirib ki, səbəblərdən ikincisi, Avropa İttifaqının (Aİ) şərti sərhədin Ermənistan hissəsindəki missiyası, Fransa Jandarmasının sərhədlərimizdə görünməsi belə deməyə imkan verir ki, bütün proseslər bir mərkəzdən idarə olunur: "Həmin qüvvələr Ermənistanın siyasi iradəsinə təsir edir, hansı addımları atacağını tənzimləyir. Hazırda günahkar vəziyyətə düşən Ermənistan növbəti təxribatlarını ölkədəki mülki missiya adı altındakı xüsusi xidmət və hazırlıqlı şəxslərin planları ilə daha da təkmilləşdirərək günahı Azərbaycanın üzərinə atmağa çalışacaq".

E.Səftərov qeyd edib ki, üçüncü səbəb Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Brüsseldə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellə görüşü ərəfəsində bu təxribatın törədilməsi müəyyən siyasi dəstək əldə etmək məqsədi də daşıyır: "Lakin hadisənin görüntülərinin olması Ermənistanın planlarını alt-üst etdi".

Müsahibimiz sonda vurğulayıb ki, Ermənistanın təxribatları təsadüfi baş verməyib: "Əvvəlcədən planlaşdırılmış şəkildə havadarlarının məsləhəti ilə həyata keçirilib. Artıq Ermənistan bir daha anladı ki, Azərbaycan təxribatlara səbir nümayiş etdirməyəcək. Bu səbəbdən də İrəvan anlayır ki, növbəti belə təxribat eskalasiyaya səbəb ola bilər. Lakin Ermənistan bundan sonrakı təxribata daha ciddi hazırlaşacaq".