"Təhsil həyati bacarıqlar üzərində qurulanda uğur qazanır" - MÜNASİBƏT BİLDİRİLDİ

13 Fevral 2024 12:41 (UTC+04:00)

"VIII-IX sinif şagirdləri arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq, erkən və qohumlararası nikah kimi məsələlərlə bağlı maarifləndirmə işləri həyata keçirilir". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elmin Nurizadə deyib.

O bildirib ki, bu, əsasən, Bakı şəhər Təhsil İdarəsinə aid olan məktəblərdə həyata keçirilsə də, digər rayonlarda da bu kimi maarifləndirmə işlərinə rast gəlinir: "Bunun kəmiyyəti və keyfiyyəti, şagirdlər arasında faydalılıq əmsalı haqqında cavabları vermək üçün monitorinqin nəticələrinə baxmaq lazımdır. Bunlar hansısa rəsmi, qeyri-rəsmi beynəlxalq qurumlar, təşkilatlar tərəfindən layihələr əsasında həyata keçirilən müvəqqəti işlərdir. Sadalanan məsələlər elə vacibdir ki, onları hər hansı layihə çərçivəsində müvəqqəti təlimlər, maarifləndirici görüşlərlə məhdudlaşdırmaq olmaz. Bu sistemli olmalı, tədris proqramına salınmalıdır. Dərslik və hər hansı fənnin salınması göründüyü qədər asan məsələ deyil. Dövlətin təhsil siyasəti, tədris parametrləri, verilən qərarlar, 5 illik monitorinqin nəticəsində bununla bağlı qərar verilir. Ən azından dərsdənkənar fəaliyyət sahəsi kimi həftədə 1 dəfə yuxarı sinif şagirdləri - 8, 9, hətta 10, 11-ci siniflər arasında tətbiq olunur. 8-9-cu siniflər ustalıqla seçilmiş siniflərdir. Çünki adı çəkilən problemlər daha çox bu siniflərdə oxuyan şagirdlər arasında olur. İşlər görülsə də, azdır. Sistemli fəaliyyət proqramı hazırlanmalıdır. Sistemli fəaliyyət proqramında erkən və qohumlararası nikahların mənfi nəticələri, dünya ölkələrindən nümunələr, reproduktiv sağlamlıq məsələləri şagirdlərə maraqlı əyləncəli, gələcək üçün vacib meyarlar kimi öyrədilməlidir. Bunlarla bağlı məlumat verən şəxslər həmin sinfin şagirdlərinə dost kimi hiss etdirməlidir".

Ekspert əlavə edib ki, xüsusən də, nikahla bağlı, selektiv abortla bağlı məsələlər ölkə gündəmində ara-sıra hallanır: "Təəssüf olsun ki, BMT-nin əhali fondunun araşdırmasına görə Azərbaycan selektiv abortların sayına görə dünyada birinci yerdədir. Çox faciəli nəticədir. Bunlar öyrənilməlidir. BMT-nin əhali fondu, digər bu kimi təşkilatlar nəsə etməyə çalışır, təlimlər keçirirlər. Amma biz bunu məktəbə sistemli şəkildə gətirməliyik. Əgər belə olarsa, bizim uşaqların dünyagörüşündə, gələcəyə təhlükəsiz baxışında, sosial həyata baxışında da fərqlilik olacaq. Təhsil həyati bacarıqlar üzərində qurulanda uğur qazanır. Məsələn, fizika çox gözəl fəndir. Amma şagird nə qədər fizika oxumalıdır? Bizim təhsil sistemində fizika yalnız nəzəri aspektlərdən öyrənilir. Bu cür vacib meyarlar da şagirdlərə öyrədilməlidir. Onlar gedib evlərində tətbiq edəcək, ana, ata, bacı, qardaşı da ondan nələrisə öyrənəcək. Bu layihə məktəbdə keçirilən layihə çərçivəsindəki maarifləndirmə işi kimi deyil, konkret vahid layihə proqramı kimi daxil edilməlidir".