"Ünsiyyət problemi vacib məsələlərdən biridir" - EKSPERT FİKRİ

12 Fevral 2024 13:19 (UTC+04:00)

“Bu gün dünyada, o cümlədən də respublikamızda qloballaşma ilə bağlı yüksək texnologiyalar canlı ünsiyyətin önünə keçir”. Bu barədə SİA-ya 11 fevralda keçirilən “Mən Danışa Bilmirəm” forumu ilə bağlı danışarkən tarix üzrə ekspert , publisist, tənqidçi, Nadir İsrafilov deyib.

Onun sözlərinə görə, ünsiyyət problemi vacib məsələlərdən biridir: "Bu məsələnin gündəmə gətirilməsi gənc nəslin formalaşmasında öz təsirini göstərəcək. Bildiyimiz kimi dünyanın bir çox liderləri natiqlik qabiliyyətinə görə liderə çevrilib. Hələ Aristotelin, Sokratın dövründə natiqlik məktəbi yaradılıb. Amma çox təəssüf ki, son vaxtlar bu kimi məsələlər arxa plana düşüb”.

N.İsrafilov bildirib ki, bu gün nəsillərin nəzəriyyəsi meydana çıxıb: “Gəncləri "alfa" nəsli, "betta" nəsli, "qamma" kimi nəsillərə bölürlər. Ən mühüm cəhət ünsiyyət mədəniyyətidir. İnsan oğlu yarandığı gündən bu yana ünsiyyət əsasında formalaşıb. İnsanlar arasındakı ünsiyyət münasibətləri qəbilələri formalaşdırıb. Daha sonra bu tayfaya çevrilib və sonrasında digər ictimai formasiyalar inkişaf edib. Ünsiyyət elə bir məsələdir ki, bu məsələnin özündə də təkmilləşdirilməsinə böyük ehtiyac var. Bu məsələnin qaldırılması və bu kimi forumların keçirilməsi ünsiyyətin təkmilləşdirilməsinə təkan verəcək”.