“İllərdir həyəcan siqnalımıza baxmayaraq, demoqrafik vəziyyətdə müəyyən problemlər yaşandı. Lakin son illərdə artıq bu istiqamətdə dövlət tərəfindən ciddi addımlar atıldı. Həmçinin cəmiyyətimizdə xanımlarla bağlı bakirəlik fikri də oğlanların min “hoqqa”dan çıxmalarına baxmayaraq bakirə qız axtarmalarına səbəb oldu. Xüsusilə də 30-40 yaşlı oğlanlar özlərinə 18-20 yaşlı “bakirə” xanım axtarırlar. Təbii ki, 18-20 yaşlı qızlar da özlərinə 15-20 yaş böyük biri ilə ailə həyatı qurmaqdan qaçırlar. Bu da oğlanların “evlənməyə qız tapmıram” deməsinə səbəb olur”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, xüsusilə də qeyd olunan tip bəylər özlərinə Bakıda qız tapa bilmədikdə, rayonlara üz tuturlar: “Regionlarda isə valideynlər öz qız övladlarına qarşı tərəfin yaşına baxmadan “ərə” verirlər. Bu isə gələcəkdə böyük problemlərə yol açır. Artıq xanımlarımız oxuyur, kariyera qurur və maddi cəhətdən öz müstəqilliklərini təmin edirlər. Bu səbəbdən də xanımlar da evlilik məsələsində olduqca seçici olurlar”.
Məsələ ilə bağlı psixoloq Vüsalə Əmiraslanova fikirlərini bölüşüb: “Ümumiyyətlə bu gün həm xanım, həm də bəylər evliliklə bağlı problem yaşayır, özlərinə uyğun insan tapmaqda çətinlik çəkirlər. Əslində bu məsələ hər zaman aktual olub, lakin hazırki dövrdə meyarlar və istəklər dəyişib. Təbii ki, 40 və 40-dan çox yaşı olan bəylərlə ailə qurmaq istəyən xanımların əksəriyyəti artıq bir dəfə ailəli olmuş xanımlar olur. Həmçinin sosial şəbəkələrdəki bir çox paylaşımlar da insanlarda qarşı tərəfə inamsızlıq yaradır. Bu da insanların ailə qurmasını çətinləşdirir”.