Qaytarılan ƏDV məbləği 1 milyon manatı keçib

18 Mart 2024 12:30 (UTC+04:00)

Bu il martın 1-nə Naxçıvan Muxtar Respublikasında “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 1 milyon 70 min manat, təkcə fevral ayında isə 81,9 min manat ƏDV məbləği geri qaytarılıb. Bu barədə SİA-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə fevral ayında istehlakçılara qaytarılan məbləğ 2,4 dəfə artıb.

Dövlət Vergi Xidməti Naxçıvanda yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işləri də davam etdirir. Martın 1-nə qədər muxtar respublikada quraşdırılmış yeni nəsil NKA-ların sayı 3 136 ədəd olub. Bu ilin 2 ayında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 58,7 milyon manatdan artıq olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 43,4 milyon manat və yaxud 3,8 dəfə çoxdur.