Kibertəhlükə nədir - Necə qorunmalıyıq? - MÜNASİBƏT BİLDİRİLDİ

18 Mart 2024 12:18 (UTC+04:00)

Kibertəhlükə nədir? Necə qorunmalıyıq? Mövzu ilə bağlı SİA-nın suallarını texnoblogger Tariyel Ağazadə cavablandırıb.

Onun sözlərinə görə, kibertəhlükəsizlik termini məhz onlayn mühitdə özümüzü və şəxsi məlumatlarımızı qorumaq məqsədilə yaradılmış termindir: “Kiber sözünün özü qorunma deməkdir. Kibertəhlükəsizlik saytlar, sosial media, e-mail üzərindən şəxsi məlumatlarımıza, elektron maliyyə hesablarımıza giriş edilib oğurlanmaması üçün nəzərdə tutulan anlayışdır”.

T.Ağazadə bildirib ki, kibertəhlükədən qorunmaq üçün rəqəmsal savadlılığa ehtiyac var: “İnsanlar sosial media və onlayn sistemə bağlı olan bütün alətlərdən istifadə qaydasını öyrənməli, bilməlidirlər. Burada rəqəmsal savadlılıq məsələsində vacib məqam nədir? Sosial media üzərindən bizim şəxsi məlumatlarımızı öyrənə, bizə qarşı istifadə edə bilərlər. İkincisi bizim pulumuz yaxud istənilən maddi sərvətimizdir. Onlayn kripto, onlayn pul qabı, yaxud bank kartlarımızın məlumatları üçün təhlükə yarana bilər. Əgər biz kibertəhlükəsizlik mövzusunda diqqətli olmasaq, kartımızın yaxud elektron pul qabımızın məlumatlarını paylaşsaq artıq pulumuzu oğurlaya bilərlər. Tanımadığınız saytlara, linklərə heç bir halda daxil olmayın. Tanımadığınız adamdan mesaj, e-mail vasitəsilə link gəlirsə heç vaxt daxil olmayın. Telefonla zəng edil hansısa məlumatlarınızı istəsələr verməyin bunlar çox vacib məsələdir”.