"NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri və ölkə başçısı cənab İlham Əliyevlə görüşü çox mühüm hadisədir”. Bu barədə SİA-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.
Onun sözlərinə görə, NATO Baş katibinin regiona səfəri Azərbaycanla əlaqələrin artması üçün stimul rolunu oynayacaq: “NATO baş katiblərinin Azərbaycana ən son nə vaxt səfər etdiklərini xatırlamıram. Ən son 2001-ci ildə o vaxtkı Baş katib Corc Robertsonun Bakıya gəldiyini xatırlayıram. O zaman mən Müdafiə Nazirliyinin zabiti idim. Robertson Bakıya gələndə o təlimlərdə iştirak etdim. Sonrasında NATO rəsmiləri Bakıya mütəmadi olaraq gəliblər. Sülh naminə tərəfdaşlıq və digər istiqamətlərdə Azərbaycanda görüşlər keçiriblər. Amma Baş katibin gəlişi qeydə alınmayıb”.
Ekspert bildirib ki, bu görüşün regional səfər çərçivəsində də əhəmiyyəti böyükdür: “Belə ki, Baş katib ilk olaraq Bakıya səfər edib. Sonrasında isə Gürcüstan və Ermənistana səfəri planlaşdırılır. NATO Baş katibi dünyada ən böyük hərbi-siyasi təşkilatın rəhbəridir. Ona görə də Bakıda səsləndirdiyi fikirlər çox önəmlidir. O nöqteyi-nəzərdən mənə elə gəlir ki, həm bu il, həm də növbəti illərdə müzakirə olunan məsələləri hiss edəcəyik. Tərəflər yəqin ki, müəyyən hədəflər planlaşdırıblar. Görüş çox vacib və əhəmiyyətli idi”.