Dünyanın ağciyərlərini məhv edirlər

18 Mart 2024 13:30 (UTC+04:00)

Sonuncu dəfə nə vaxt meşədə olmusunuz? Vaxt olanda təbii ki. Təbiətdə vaxt keçirmək üçün hamımız can atırıq, piknikə, istirahətə, gəzintiyə gedəndə yaşıllığın bol olduğu yerləri seçirik. Təbiət ruhumuzu dincəldir, şəhərin stressini atmağımıza kömək edir. Meşənin sükutunda quşların nəğməsi, ağacların əzəməti və rayihəsi, sıx yarpaqların arasından sızan günəş işığı, təmiz hava – görün biz şəhərdə nələrdən məhrum qalırıq.

Meşələri “dünyanın ağciyərləri” adlandırırlar. Meşələr çoxsaylı fauna və floranı özündə ehtiva edən mürəkkəb ekosistemdir. Ekosistem - eyni mühitdə sağ qalan və bir-biri ilə qarşılıqlı əlaqədə olan heyvanların, bitkilərin və mikroorqanizmlərin vəhdəti deməkdir. Ağaclar, meşənin və ümumiyyətlə təbiətin mühüm tərkib hissəsidir. Havanı təmizləyir, kölgəlik yaradır, istiliyi özündə saxlayır və atmosferdəki səsləri udur. Meşələr fauna və floranın müxtəlif növləri üçün həyati infrastruktur təmin edir.

Quru ərazisinin üçdə birini əhatə edən və canlı aləmin yarıdan çoxuna ev olan meşələr dünya ekosisteminin ən vacib qollarından biri hesab olunur. Quruda yaşayan canlıların 80%-nin sağ qalması meşələrdən asılıdır. Meşələrin məhvinə görə sayı azalan heyvanların ölümü ekosistemdə böyük bir boşluq yaratmaq deməkdir. Növünə, yaşına və iqliminə görə bəzi istisnalar olsa da, orta hesabla bir ağac bir gündə 10-12 insanın ehtiyacı olan qədər oksigeni istehsal edir. Yəni sadəcə bir ağac kəsilsə, 10-12 adam 1 günlük oksigen ehtiyatını itirir. Başqa sözlə,1 ağac insan ömrünün bir günü deməkdir. Üstəlik, meşələr təxminən 1,6 milyard insan üçün qazanc mənbəyidir.

Əgər meşələr olmasa...

Ancaq əhalinin sürətli artımı, şəhərlərin böyüməsi, tikinti səbəbi ilə hər il hektarlarla meşələr qırılır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hazırladığı hesabata görə, 1990-cı ildən bəri dünyada 178 milyon hektar meşə sahəsi məhv olub. “Qlobal Meşə Resurslarının Qiymətləndirilməsi 2020” adlı hesabat 236 ölkə və bölgəni əhatə edib. Meşə itkilərinin ən böyük hissəsi Mərkəzi Afrika və Cənub-Şərqi Asiyada baş verir, bu bölgələrdə hər il ən azı 1 milyon hektar meşə qırılır.

Meşələr üçün digər təhlükə isə yanğınlardır. Son illər dünyanın müxtəlif ərazilərindəki meşələrdə böyük yanğınlar baş verir. Bu yanğınlar səmanın hislə örtülməsinə və Günəşin önünün bağlanmasına səbəb olur. Yanğınlar zamanı milyonlarla canlı məhv olur, dünyanın canlı orqanizm balansı pozulur. Yanğınlar həmçinin kənd təsərrüfatı ərazilərində məhsuldarlığa təsir edir, bunun da nəticəsində dünya miqyasında qıtlıq baş verə bilər.

Normal böyüklükdə olan hər bir ağac atmosferə ildə 150 ​​ton su göndərir. Bu da yağış təminatında əhəmiyyətli pay deməkdir. Meşələr olmasaydı, torpağın temperaturu yüksələrdi. Torpaq sürüşmələrinin və daşqınların baş verməsində də ağacların məhv edilməsinin payı var. Ağaclar kökləri sayəsində torpağın çoxlu su udmasına mane olur, beləcə sürüşmənin qarşısını ala bilir. Ağaclar olmasa, sürüşmə və sel nəticəsində maddi və mənəvi itkilər daha çox baş verər.

Ağacların köklərindən süzülən su yeraltı su anbarlarına toplanır. Bu da içməli su kimi dünya əhalisi üçün əhəmiyyətli rezerv deməkdir. 60 min müxtəlif ağac növünü özündə ehtiva edən meşələr suda-quruda yaşayan canlıların 80 faizinin, bütün quş növlərinin 75 faizinin və məməlilərin 68-nin evidir.

Şəhərlərdə ağac olmasa...

Dünyada milyonlarla insanın qida təhlükəsizliyi və yaşaması üçün meşələrin mövcudluğuna ehtiyac var. Meşələrin qorunması təbii ehtiyatların qorunması üçün vacibdir, çünki meşələr özündə, planetdəki biomüxtəlifliyin ən böyük hissəsini ehtiva edir. Bundan əlavə, iqlim dəyişikliklərini dəf edən və bəşəriyyətin daha çox yaşama qarantiyası olan ən böyük amil meşələrin varlığıdır.

Meşələr biomüxtəlifliyin çox zəngin olduğu bir mühitdir. Bu müxtəliflik xüsusilə tropik meşələrdə müşahidə olunur. Meşələrdə nadir tutuquşulardan tutmuş nəsli kəsilməkdə olan meymunlara qədər demək olar ki, bütün növ canlıları görə bilərsiniz.

Məlumatlara görə, yerli meşələrdə təxminən 300 milyon insan yaşayır. Onlardan təxminən 60 milyonu öz bölgələrində yaşayan yerli insanlardır. Bundan əlavə, milyonlarla insan meşə yaxınlığında məskən salıb.

Ağaclar həm də günəş işığına qarşı kölgə rolunu oynayır. Şəhərlərdəki ağaclar çox olarsa binalarda kondisionerə ehtiyac qalmaz, bu da dolayısı ilə atmosferə qaz axınının qarşısını alar.

Böyük meşələr regional hava şəraitinə təsir göstərir. Onlar hətta öz unikal iqlimlərini yarada bilirlər. Məsələn, Amazon yalnız müntəzəm yağışlara və yaxınlıqdakı kənd təsərrüfatı torpaqlarına təsir göstərmir, Şimali Amerikanın bir çox bölgəsinə yayılır və orada atmosferi təmizləyir.

Xəstələrə şəfa, insanlara iş imkanı

Meşələr təbiətdəki, atmosferdəki zərərli maddələri təmizləyir. Meşələr bol təbii dərman yetişdirir. Məsələn, astma dərmanı kimi istifadə edilən “teofilin” maddəsi kakao ağacından alınır. Xərçənglə mübarizə xüsusiyyətləri məlum olan bütün bitkilərin təxminən yetmiş faizi tropik meşələrdən əldə edilir.

Birləşmiş Millətlər Təşkilatının hesabatlarına görə, 1,6 milyarddan çox insan dolanışığını meşələrdən əldə edir. 10 milyon insan birbaşa meşə idarəçiliyi və meşə mühafizəsi vəzifələrində çalışsa da, ağac istehsalı və qeyri-taxta məhsullarının istehsalı və satışı da meşənin yaratdığı iş imkanları arasındadır. Lakin son onillikdə ferma, mal-qara təsərrüfatları yaratmaq, neft çıxarmaq, mədənlərə və faydalı qazıntı yataqlarına çıxış əldə etmək üçün hər il on milyonlarla hektar tropik meşə məhv edilir.

Meşələr nəhəng süngərlərə bənzəyir. O, bəşəriyyətə zərər verə biləcək təhlükələri udur. Bəzi hallarda bu təhlükəni uda bilməsə də sürətini zəiflədə və təsirini azalda bilir. Hər payızda ağacların yarpaqları yerə töküldüyü üçün mülayim meşələrin torpağı daha münbitdir. Bu yarpaqlar meşə torpağında olan üzvi maddələrə öz töhfəsini verir. Köhnə yarpaqlar bakteriya və göbələklər üçün qida mənbəyinə çevrilir. Bu orqanizmlər yarpaqların və digər üzvi maddələrin parçalanmasını asanlaşdırır. Parçalanma həm də meşə torpağını birbaşa zənginləşdirir, çünki o, meşə ekosistemində yaşayan ağac və bitkiləri daha çox qida ilə təmin edir.

Meşələrin döşəməsi, meşə ekosisteminin ən fərqli xüsusiyyətlərindən biridir. Bu döşəmə-səth, torpağa düşən yarpaq, gövdə, budaq və qabıqlardan ibarətdir. Meşə səthi həm də üzvi və qeyri-üzvi maddələrdən ibarətdir. Burada göbələklər, bakteriya və digər mikroorqanizmlər kimi bir çox canlı orqanizm yaşayır. O, həmçinin qida və minerallarla zəngindir.

Dünyanın ən böyük meşəsi olan Amazon təxminən 2,1 milyon kvadrat kilometr ərazini əhatə edir. Təxminən 390 milyard ağac olan meşə dünyanın ən müxtəlif tropik meşəsidir. Amazon dünyanın su dövranına əhəmiyyətli dərəcədə təsir göstərir. Amazondan gələn rütubət Mərkəzi Amerikada yağıntıların miqdarına böyük təsir göstərir. Burada ən azı 40 min bitki növü, 2,5 milyon həşərat, iki mindən çox balıq və 400-dən çox məməli növü yaşayır. Bütün quş növlərinin beşdə biri Amazon tropik meşələrində yaşayır.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti çərçivəsində hazırlanıb