“Narsistlər kimisə alçaldaraq ucalırlar” - AYDINLIQ GƏTİRİLDİ

18 Mart 2024 11:59 (UTC+04:00)

“Narsist insanlar əsasən qarşı tərəfi əzərək özünü yüksəltməyə çalışan insanlardır. Çox zaman özgüvənli insanla narsist insan anlayışları qarışdırılır. Lakin özgüvənli insan özü öz uğuru, bacarığı, sevgisi ilə ucalan insandır. Narsistlər isə kimisə alçaldaraq ucalırlar”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.

Psixoloq bildirib ki, adətən narsistlərin əzdikləri, alçaltdıqları da öz yaxın ətrafından olur: “Çünki cəmiyyət içərisində narsistlər çox sevilən, bacarıqlı, ağıllı, mədəni insanlar olurlar. Buna görə də evdəkilər narsistliklə bağlı evin hansısa fərdindən şikayət etdikdə ətrafdakılar buna bir o qədər əhəmiyyət vermir, hətta inanmırlar.

Çox nadir hallarda narsistlər kasıb olur və ya pis işdə işləyirlər. Çünki onların hər zaman üstün, yaxşı olmaq üçün böyük istəkləri olur. Hətta bu cür insanlar çox yaxşı bilik və savada sahib olurlar, düzgün ünsiyyət qurmağı bacarırlar. Amma evdəkilər, öz yaxınları ilə qurduğu münasibət tamamilə fərqlənir. Məhz onları əzərək özlərini güclü, dəyərli hesab edirlər. Yəni, bütövlükdə narsist insanlar əsasən cəmiyyət üçün yaxşı, ailələri üçün isə pis xarakterli insan rolunda olurlar. Bu da təbii ki, onların cəmiyyət içərisində “narsist insan” kimi tanınmasının qarşısını alır”.