Novruzun dövlət səviyyəsində qeyd edilməsi Ulu Öndərin adı ilə bağlıdır

18 Mart 2024 10:35 (UTC+04:00)

Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin və ordumuzun sayəsində Novruz tonqalı bu il ilk dəfə bütün vətən torpaqlarında şölələnir

Novruz bayramı xalqımızın mifik düşüncə və təsəvvürlərini özündə əks etdirən və bu günümüzə yetirən qədim xalq bayramıdır. Ölkəmizin hər yerində milli bayram kimi yüksək səviyyədə qeyd olunan Novruz xalqın müqəddəs etiqadına söykənməklə özündə mənəvi-əxlaqi və dünyəvi duyğuları özündə ehtiva etdirir. Ruhun oyanışı, yeni bir həyatın başlanğıcı olan bu gözəl el bayramı hər dəfə gəlişi ilə ömrümüzü bəzəyir. Milli şüurumuzu, qədimliyimizi özündə yaşadan, yüzillərdən bəri yol gələrək, daima müqavimətlərə məruz qalan Novruz bayramı özünəməxsusluğunu qoruyub saxlamışdır. Novruzun tədqiqatçısı, professor A.Nəbiyev Novruzun hərfi mənasını belə izah etmişdir: “Novruz” – yeni gün deməkdir. Bir çox mənbələlərdə Novruza Ergenekon, Sultan Nevruz, Xan Novruz, Rüsxət günü, Bozqurd, Çağan, Yılbaşı, Gündönümü, Bahar bayramı, Yaz bayramı və s. demişlər. Qədim türk mənşəli xalqlara məxsus olan, Şərqi Türküstandan Balkanlara qədər ərazidə yayılan Novruzun təxminən 25-ə yaxın adı mövcuddur. Novruz bayramını Uyqurustanda yaşayan uyğurlardan tutmuş Volqaboyunda, Orta Asiyada, Qafqazda, Krımda, Türkiyədə, İraqda, Güney Azərbaycanda və başqa yerlərdə yaşayan bütün türk və fars mənşəli insanlar bayram edirlər. Min illərdən bəri el arasında yaşayan Novruz çox mənbələrdə təsvir olunmuşdur. Bunlardan Mahmud Kaşğarinin “Divani-lüğət-it-türk”, Əbu Reyhan “Asarul-Baqiye”, Y.H.Hacibin “Kutadqu biliq”, Ömər Xəyyamın “Novruznamə”, N.Gəncəvinin “İsgəndənamə”, Nizamülmülkün “Siyasətnamə” əsəri və başqalarını qeyd də bilərik. Novruz bayramında olub-keçənlər də yad edilir, Vətən uğrunda canını fəda edənlərin uyuduğu Şəhidlər xiyabanından insan axınının ayağı kəsilmir. Bu əziz günlərdə heç kəs onları yad etməyi unutmur. Novruz bayramı xalqımızın həyata nikbin baxışının, təbiətin və insanlığın qələbəsinə inamının bayramıdır. İndiyə qədər öz qüvvətli təsirini saxlayan bu ənənəvi bayram məişətlə ən kütləvi xalq bayramıdır.

Novruz bayramının dövlət səviyyəsində qeyd edilməsini xalqımıza ulu öndərimiz Heydər Əliyev qaytarmışdır. Ulu öndər hələ sovet hakimiyyəti illərində bu istiqamətdə məqsədyönlü iş aparırdı. Xalqımızda milli özünüdərkin gücləndiyi 70-ci illərin əvvəllərində Heydər Əliyevin Novruz bayramının keçirilməsi ilə bağlı ziyalılara müraciətində “Mənim tapşırığımla deyil, qoy ürəkləri istədikləri şəkildə keçirsinlər” sözləri bunun təzahürü idi. O vaxtlar respublika rəhbərinin dediyi bu fikirlər zamanında qədərincə cəsarət və qətiyyət tələb edirdi. Tariximizdə ilk dəfə Novruz təqvimdə bayram günü kimi qeyd olunmuşdur. Bu, əslində ulu öndərimiz Heydər Əliyevin öz xalqına, milli mənəvi dəyərlərimizə qayğısının və məhəbbətinin ifadəsi idi. Ümummilli lider özü də bu gözəl bayramı sevir, ona həssaslıqla yanaşırdı. Ulu Öndər Heydər Əliyev 21 mart 2000-ci ildə Novruz bayramı haqqında demişdir: «Bu bayram bir də onunla fərqlənir və səciyyələnir ki, bu bayramda siyasi baxışlarından, siyasi dünyagörüşündən asılı olmayaraq hamı bayram edir. Əgər bu günümüzü götürsək, iqtidar da, müxalifət də bayram edir, bir-birini sevən də bayram edir, bir-birinə düşmən olan da. Amma bayramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Ona görə də Novruz bayramını hər il böyük el bayramı kimi, hər bir insanın şəxsi bayramı kimi qeyd edərək biz istəyirik, arzu edirik və bu, Azərbaycan vətəndaşlarının əksəriyyətinin arzusudur ki, ölkəmizdə milli həmrəylik, vətəndaş həmrəyliyi, birliyi olsun. Bu ali məqsədləri, ali fikirləri ulu babalarımız bizə nəsihət ediblər. Bu bayram yaranandan onun xüsusiyyətləri insanları həmişə dostluğa, həmrəyliyə, qarşılıqlı anlaşmaya dəvət edibdir». Bütün siyasi hakimiyyət dövründə Ulu Öndər inanırdı ki, bir gün gələcək işğal altında olan bütün torpaqlar azad ediləcək və bu milli bayram o torpaqlarda da qeyd ediləcək. Bununla bağlı Ümummilli Lider 21 mart 1996-cı ildə Gənclər Meydanında – Qoşa Qala qapısı önündə Novruz şənliyində çıxışında deyirdi: «Biz torpaqlarımızın azadlığını, ərazi bütövlüyümüzü təmin edəcəyik, müstəqil Azərbaycanın hüdudlarını bərpa edəcəyik. Zaman gəldi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. 30 il düşmən tapdağında inləyən bütün torpaqlarımız azad edildi. Prezident İlham Əliyev Şuşada, Cıdır düzündə, 20 mart 2021-ci iildə çıxışında demişdir: “Bilirəm, hər birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, İnşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır... Bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik... Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik. Bu gün Novruz bayramını Cıdır düzündə qeyd edərkən qürur hissi ilə deyirəm. «Şuşa sən azadsan!», «Şuşa Azərbaycandır!», «Qarabağ Azərbaycandır!», Mən xoşbəxt adamam ki, əziz, doğma xalqıma işğaldan azad edilmiş Qarabağdan Novruz bayramı münasibətilə təbriklərimi çatdırıram. Bu əziz gündə bir daha bütün Azərbaycan xalqını gözəl bayram münasibətilə təbrik etmək istəyirəm.

“Novruz bayramını bir gün Qarabağda qeyd edәcәklәrini illәrdir söylәdiyini xatırladan İlham Әliyev deyib: ‘‘Hәmin gün gәldi. Bu gün Novruz bayramını ölkәmizin mәdәniyyәt paytaxtı olan Şuşada qeyd edirik. Bu tarixi hadisәdir. Bu, böyük xoşbәxtlikdir. Allah Azәrbaycan xalqının dualarını eşitdi. Biz Şuşa vә azad edilmiş bütün torpaqları bərpa edəcəyik. İkinci Qarabağ müharibəsi bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilir. Biz XXI əsrin müharibəsini aparmışıq, düşməni məhv etmişik. Erməni ordusu yoxdur, biz onu məhv etmişik».

Ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də xalqımızın zəngin və qədim adət- ənənələrinə, milli mənəvi dəyərlərimizə son dərəcə sayğı ilə yanaşır, milli birliyimizin rəmzinə çevrilmiş Novruz şənliklərinə qatılır.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində xalqımızın bu əziz el bayramı artıq UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisi 21 mart tarixini Beynəlxalq Novruz Günü elan etmişdir. Bu qərarı, əslində dünyanın bir çox ölkələrində, xüsusilə də türk coğrafiyasında yaşayan xalqların dünya sivilizasiyasına verdiyi mədəni töhfə kimi qiymətləndirmək olar. Novruz bayramı bütün dünyada 300 milyondan artıq insan tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur. Artıq 3 min ildir ki, Novruz Balkanlarda, Qara dəniz hövzəsi regionunda, Qafqazda, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda qeyd edilir. Mübaliğəsiz demək olar ki, Novruz bir çox türk xalqları ilə bərabər, Azərbaycan xalqının milli-mənəvi varlığını bütün dolğunluğu ilə əks etdirən, ümumxalq səviyyəsində qeyd olunan, etnik təfəkkürün ayrılmaz funksional səviyyəsinə çevrilən bayramdır. Novruz ictimai həyata yeni həvəs gətirən, milli adət-ənənələri yaşadan el bayramıdır. Dolayısı ilə Novruz ənənəsini davam etdirən hər kəs mədəniyyət daşıyıcıları olmaqla yanaşı, ortaq dəyər kimi bu ənənələri qoruyurlar.

Xalqımız bu il də Novruz bayramını xüsusi əhvali-ruhiyyə ilə qeyd etməyə hazırlaşır. Çünki ölkə başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin birbaşa rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Qarabağ uğrunda apardığı ədalətli, müqəddəs və şərəfli Vətən müharibəsində möhtəşəm Qələbə qazandı. Məhz bu möhtəşəm Qələbəyə görə xalqımız builki Novruz bayramını də qəhrəman və qalib xalq kimi qeyd edəcək. Ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirən, arzularını reallaşdıran Prezident İlham Əliyevin qətiyyəti sayəsində artıq dördüncü ildir ki, xalqımız azadlığına qovuşmuş o torpaqlarda – Şuşada, Laçında, Zəngilanda, Xankəndində bayram tonqalı yandırılır. Xalqımız və dövlətimiz var olduqca milli həmrəyliyimizin rəmzi sayılan Novruzun adət-ənənələri, onun yaratdığı mədəni sərvətlər də bizimlə yaşayacaqdır.

YAP Qubadlı Rayon Təşkilatı olaraq bizlər də başda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev olmaqla xalqımızı və bütün dünya azərbaycanlılarını Novruz bayramı münasibətilə təbrik edirik!
Qoy, bu Novruz həyatımıza, elimizə-obamıza xoşbəxtlik, səadət, hər bir ailəyə sevinc dolu günlər, bol ruzi, ölkəmizə sülh, əmin-amanlıq, davamlı inkişaf gətirsin !

Təhmasib Rüstəmov
YAP Qubadlı Rayon Təşkilatının sədri