Bakıdan Londonun daha bir hava limanına uçuşlar BAŞLADI - FOTOLAR

18 Mart 2024 10:16 (UTC+04:00)

Azərbaycanın milli aviadaşıyıcısı "Azərbaycan Hava Yolları" QSC (AZAL) martın 17-dən Bakıdan Londonun daha bir hava limanına — Qetvikə reyslərin icrasına başlayıb. SİA-nın AZAL-a istinadən verdiyi məlumata görə, AZAL-ın London Qetvik aeroportuna ilk uçuşunun qarşılanması mərasimində Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov, Qetvik hava limanının aviasiya inkişafı üzrə vitse-prezidenti Stefani Uir, media nümayəndələri, aviaşirkətin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Aviaşirkət Bakıdan Qetvik hava limanına reysləri həftədə üç dəfə — çərşənbə, cümə və bazar günləri yerinə yetirəcək. Yeni marşrutun açılması ilə AZAL Bakı ilə London arasında həftəlik uçuşlarının sayını 6-ya çatdırıb.

Aviaşirkətin uçuş coğrafiyasının genişləndirilməsi çərçivəsində atılan bu addım sərnişinlərin artan tələbatını qarşılamaq məqsədini daşıyır.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.