Xoş təəssüratla ayrıldığım "Abşeron" sanatoriyası - FOTOLAR

8 Fevral 2024 14:04 (UTC+04:00)

Bakıətrafı kəndlərindən biri və ən gözəli Mərdəkan qəsəbəsidir. Mərdəkan qəsəbəsi Respublikamızın bütün bölgələrində tanınır. Qəsəbədə bir neçə sanatoriyalar fəaliyyət göstərir. Hər bir sanatoriyaya gələn vətəndaşlar razılıqla qayıdırlar. Bəllidir ki, sanatoriyaya gələnlər müalicə almaq üçün gəlirlər. Mərdəkan qəsəbəsində diqqəti cəlb edən sanatoriyalarından biri də Abşeron mədə-bağırsaq sanatoriyasıdır.

Bura gələn hər kəsi sanatoriyanın həyətindəki səliqə-səhman qarşılayır, gül-çiçəklə bəzədilmiş ərazi xəstələrə şəfa verir. Gövdəsi rənglənmiş böyük ağaclar burada oksigen bolluğu yaratdığından xəstələrin şəfa tapması da asanlaşır. Sanatoriyanın baş həkimi Fəxrəddin Kazımov və müavini Şahin Quliyev xəstələrə əllərindən gələn köməkliyi əsirgəmirlər. Gündəlik qəbul olan xəstələrə köməklik edir və xəstələr müalicə olunduqdan sonra onları xoş təəsüratla yola salırlar.

Sanatoriyanın həyətində yay fəsli üçün tikilmiş konsert meydançası da xəstələrin xoş istirahətinin təmin etmək üçün yaradılıb. Burada xəstələr üçün konsert verilir. Bu yaxınlarda mən də xəstəliklə bağlı sanatoriyanın həkimlərinə müraciət etməli oldum. Baş həkiminin müqavini Şahin Quliyev məni gülər üzlə qarşıladı və problemimi bilən kimi müalicə həkiminə yönləndirdi. Təxminən 1 saatdan sonra sağlıq problemim həll olundu. Alqış oxudum həkimlərə, əziyyətlərini halal etsinlər bizə.

Sanatoriyanın girişində divardan asılmış stentləri xüsusi olaraq qeyd etmək istəyirəm. Ulu Öndər Heydər Əliyevin həkimlərə müraciəti diqqətimizi cəlb etdi. Xəstələrin bu sanatoriyadan razılıqla getməsinin bir səbəbi də həkimlərin məsuliyyəti imiş, hər kəs onlardan artıq razılıq edir.

Mən Rusiyada, Ukraynada, Gürcüstanda və digər ölkələrdəki sanatoriyalarda olmuşam. "Abşeron" sanatoriyasında olan şəraitə, həkim-xəstə münasibətlərinə heç bir yerdə rast gəlinmir. Çünki bu sanatoriyada xəstələrə yüksək səviyyədə qayğı göstərib və onları müalicə edirlər. Respublikamız günü-gündən inkişaf edir, gözəlləşir, xəstəxanalarımız, kurortlarımız, sanatoriyalarımız xalqımızın sağlamlığına xidmət edirlər. Əhsən, bizim həkimlərə.

Mən də öz növbəmdə "Abşeron" sanatoriyasının baş həkimi Fəxrəddin Kazımova və müavini Şahin Quliyevə dərin minnətdarlığımı bildirirəm.

Məmmədhəsən MƏMMƏDOV