Milli birliyimizin, qələbəmizin təntənəsi: ZƏFƏR SEÇKİSİ – TƏHLİL

8 Fevral 2024 15:39 (UTC+04:00)

Keçirilən seçki bütövlükdə xalqımız və dövlətimiz üçün tarixi bir gün olaraq yaddaşlara həkk olundu və bütün ərazilərimizdə suverenliyimizin bərpa edilməsi fonunda tariximizə qızıl hərflərlə yazıldı. Zəfər seçkisi olaraq bu seçkinin qəbul olunması da təsadüfi sayılmır. Əsrdən artıq tarixi olan erməni separatizminə son qoyulduqdan sonra, qələbə əldə edildikdən sonra keçirilən seçki əlbəttə ki, başqa cür adlandırıla da bilməzdi. Bu seçki bütövlükdə xalqımızın qələbə təntənəsi oldu. Zəfəri Azərbaycan xalqı təkcə hərb meydanında deyil, siyasi meydanda da bir daha qazandı və xalqımız öz layiqli liderinə, Ali Baş Komandanına səs verməklə, milli birliyimizi bir daha bütün dünyaya nümayiş etdirmiş oldu.

Bəli, son iki yüz illik tarixi ərzində ilk dəfə qələbə qazanan və torpaqlarını işğaldan azad edən, ərazilərini geri qaytaran Azərbaycan elə ilk dəfə də məhz həmin dövrün ən möhtəşəm və ən təntənəli seçkisini keçirmiş oldu. Bu dəfə Azərbaycan öz suverenliyini tam bərpa edən bir ölkə olaraq seçki keçirdi. Bu dəfə Azərbaycan qalib ölkə olaraq seçki keçirdi və qalib ölkənin qalib prezidentini seçdi. Azərbaycanın bu dəfə seçkini öz müstəqillik tarixi ərzində ilk dəfə bütün ərazilərində keçirməsi tarixi hadisə olaraq yadda qaldı. Bu imkanı öz xalqına, öz ölkəsinə bəxş edən və dərin siyasi zəkaya sahib olan lideri, Ali Baş Komandanı, cənab İlham Əliyevi seçməklə isə, Azərbaycan xalqı seçkinin, məhz sözün əsl mənasında, Zəfər seçkisi olduğunu bir daha təsdiq etdi.

Zəfər seçkisi olaraq bu seçkini qəbul etməkdə haqlı olduğumuz tarixə ekskursiya etdiyimiz zaman da bəlli olur. Zaman-zaman təcavüzə, işğala məruz qalan Azərbaycan torpaqlarının bütövlüyü uğrunda mübarizə aparan sərkərdələrimiz az olmayıb, amma son iki yüz illik Azərbaycan tarixində heç bir sərkərdə, heç bir dövlət başçısı, tökülən qanlara, mücadilələrə baxmayaraq, Azərbaycana məxsus torpaqları geri qaytara bilməyib. Azərbaycan əraziləri davamlı şəkildə parçalanıb, zəbt edilib, bir hissəsi də hətta bir növ, “pay” verilib. İrəvanın bu gün Ermənistan ərazisi kimi tanınması belə təsadüfi deyil və “Gülüstan”, eləcə də “Türkmənçay” müqavilələri ilə bağlı həmin tarixi hadisələr barədə məlumatı olan insanlar hansı məqamlardan bəhs edildiyinin fərqindədirlər. Ötən əsrin əvvəllərində belə bizə, xalqımıza məxsus torpaqlar hissə-hissə parçalanaraq “bağışlanılıb” və bunun qarşısının belə alınmasına nail olan olmayıb. Azərbaycana məxsus ərazilərə əvvəlcə erməni adları verilib, sonra da həmin ərazilərə məskunlaşmaqla onlara məxsus olduğu barədə qondarma iddialar qaldırılıb, amma buna qarşı çıxılması belə müşkülə çevrilib. Belə tarixi faktlar barədə kifayət qədər məlumatlar var və bunları sadalamağa da ehtiyac duyulmur, çünki bu barədə cəmiyyətimiz yetərincə məlumatlıdır. Belə faktlar barədə məlumatlı olanlar indi fərqindədirlər ki, bəli, ilk dəfə olaraq torpaqlarımızı işğaldan azad edən sərkərdə, dövlət rəhbəri, ölkə başçısı məhz cənab Ali Baş Komandanımız oldu. Fərqindədirlər ki, ölkəmizin ərazilərinin təcavüzünə, eləcə də ərazilərimizdə separatizmə, terrorçuluğa son qoyan və bütövlükdə regionun təhlükəsizliyini təmin edən də məhz cənab İlham Əliyev oldu və bu gün dünya ictimaiyyəti ölkə rəhbərimizi belə tanıyır. Bütün bunların fonunda da cəsarətlə deyə bilərik ki, ölkəmizin ərazilərini işğaldan azad edən, həmin əraziləri geri qaytaran, xalqımıza qələbə sevincini yaşadan, ölkəmizə qalib ölkə adı qazandıran bir sərkərdəyə Azərbaycan seçicisi, Azərbaycan vətəndaşı öz etimadını bir daha bəyan etdi və onsuz da qalib olan ölkə rəhbərimizi bir daha qalib elan etdi. Zəfər seçkisi bizim milli birliyimizin, qələbəmizin təntənəsi olaraq qəbul edildi.

Xalqımızın, ölkəmizin düşməniləri də fərqində oldular ki, Azərbaycan Prezidentinin arxasında məhz Azərbaycan xalqı dayanıb. Azərbaycanda olan həmrəyliyin onlar bir daha şahidi oldular və başa düşdülər ki, ölkə rəhbərimiz öz gücünü xalqdan alır və qələbə əzmi də təsadüfi deyil. Əleyhimizdə olan və milli maraqlarımıza qarşı olan qüvvələr başa düşdülər ki, Azərbaycan Prezidentinin bundan sonra da qələbələrə imza atmasına qətiyyən mane ola bilməzlər və bundan sonra da istənilən istiqamətdə ölkə rəhbərimizin qələbələr əldə edəcəyi zərrə qədər də şübhə doğura bilməz. Zəfər seçkisi dedikdə həm də bunu nəzərdə tuturuq və əminik ki, səsini cənab Ali Baş Komandanına verən, ona etimad göstərdiyini, inamını bəyan edən seçicilər ölkə rəhbərimizi bütün dünya liderləri arasında qalib Prezident olaraq gördüyünü bir daha təsdiq etdilər.

Azərbaycanın Qarabağ iqtisadi rayonu bir vaxtlar işğal altında olduğu dönəmdə ölkəmizdə keçirilən bütün seçkilərə xaricdən müdaxilələr edildi, seçkilərə mane olmağa çalışanlar oldu. Bu vaxta qədər hər dəfə ölkəmizdə seçki keçirilərkən əleyhimizdə olan qüvvələr qarayaxma kampaniyasına, şərə, böhtana əl atdılar ki, həmin seçkilərə kölgə salsınlar, Azərbaycanın nüfuzuna xələl gətirsinlər. Hətta bir neçə dəfə aranı qarışdırmaq, vətəndaş müharibəsi yaratmaq cəhdləri də oldu və bunların qarşısı alındı. Bütün bu məkrli planlar heç də təsadüfi və səbəbsiz deyildi və məqsəd də qarışıqlıqlar törətməklə, Qarabağın erməni separatçılarının nəzarətində qalmasına, işğala dəstək verilməsinə nail olmaq idi. Bunun üçün də həm seçkilər zamanı, həm də istənilən həssas dönəmdə müxtəlif variantlara əl atıldı, təzyiqlərdən, hədələrdən, şantajdan belə dəm vuruldu. Onların dəyirmanına su tökənlər də yalan vədlər verilərək aldadıldı və məkrli niyyətlərinin reallaşdırılması üçün bütün mümkün planlar işə salındı. Lakin heç nəyə nail ola bilmədirlər, çünki Azərbaycanı, Azərbaycan Prezidentini öz iradəsindən, öz qətiyyətindən döndərə bilmədilər, Qarabağla bağlı siyasətinə zərrə qədər də təsir edə bilmədilər. Ali Baş Komandan, cənab Prezident İlham Əliyev öz siyasi zəkası, iradəsi və qətiyyəti ilə çalışdı və məsələnin əvvəlcə sülh yolu ilə həllinə nail olmaq planlaşdırılsa da, buna Ermənistan tərəfi və havadarları mane olduqlarına görə məsələni hərb yolu ilə həll etdi. Zəfər qazanıldı, torpaqlarımız işğaldan azad olundu, Qarabağın bütün əraziləri geri qaytarıldı və sonda hər kəs başa düşdü ki, ölkəmizi və ölkə rəhbərimizi öz iradəsindən döndərmək mümkün deyil. Dərk etdilər ki, Azərbaycanın apardığı uğurlu siyasətin, eləcə də hərbi və diplomatik gedişlərin müəllifi, ümumilikdə, ölkəmizin yol xəritəsini hazırlayan cənab Prezident İlham Əliyev qələbə əzminə sahib olan liderdir. Zəfər seçkisini uğurlu şəkildə, bayram əhval ruhiyyəsi ilə, təntənəli şəkildə keçirməklə və öz liderinə, Ali Baş Komandanına etimadını bir daha təsdiqləməklə isə Azərbaycan xalqı ölkəmizin əleyhinə olan, qələbələrimizə görə narahat olan bədxahlara, xüsusən də, Qərbdəki və Avropadakı məkirli niyyət güdən ermənipərəst qüvvələrə yerlərini göstərdi və hədlərini də bildirdi. Bildirildi ki, biz qalib ölkəyik və Ali Baş Komandan, cənab İlham Əliyev də qalib ölkənin məhz qalib Prezidentidir. Bu seçki və onun nəticələri ilə çoxlarına mesaj verildi ki, qələbə, Zəfər məhz Azərbaycana, Azərbaycan Prezidentinə məxsusdur. Zəfər seçkisi olduğu mesajı verilən bu seçki milli həmrəyliyimizin daha bir təzahürü və qələbəmizin daha bir təntənəsi oldu.

Bu seçkinin tarixi seçki kimi qiymətləndirilməsi, Zəfər seçkisi adı alması, məhz Ali Baş Komandanın, cənab İlham Əliyevin siyasətinin məntiqi nəticəsi sayılır. Daha dəqiq desək, Zəfər seçkisi Azərbaycanın Qarabağ iqtisadi rayonunun ərazilərinin işğaldan azad edilməsinin, ölkəmizin əldə etdiyi qələbənin məntiqi davamı olaraq qəbul olunur. Sözsüz ki, 44 günlük hərbi mübarizə ilə Ermənistanın kapitulyasiyaya məcbur edilməsi, Şuşaya, Xankəndinə, Ağdama, Laçına, Kəlbəcərə, Zəngilana və işğaldan azad olunan bütün ərazilərimizə bayrağımızın sancılması, lokal antiterror tədbirləri ilə ərazilərimizin separatçılardan təmizlənməsi, suverenliyimizin, ərazi bütövlüyümüzün tam bərpa edilməsi Böyük Qələbəmiz, Zəfərimiz olaraq, Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazıldı. Məhz bu qələbənin davamı, məntiqi yekunu olaraq, bütün ölkəni əhatə edən bir seçkinin, Zəfər seçkisinin keçirilməsi, həmin qələbəni təmin edən milli birliyimizin daha bir təntənəsi oldu. Qarabağda qələbəmizi, ərazi bütövlüyümüzü, suverenliyimizi yumruq kimi birləşərək qazandığımız kimi, Zəfər seçkisini də məhz milli birliyimiz və həmrəyliyimizin təntənəsi ilə keçirdik. Bununla da yenə qələbəyə, Zəfərə imza atdıq. Azərbaycan xalqı, Azərbaycan vətəndaşı bu seçkiyə gedib öz liderinə səs verməklə, Zəfərimizə kölgə salmaq üçün əldən-ayaqdan gedənlərə, bizə mane olmaq istəyənlərə layiqincə cavab verdi. Seçicilər qələbəmizin arxasında xalqımızın sonuna qədər dayanmaq əzmində olduğunu, qalib liderinə, Ali Baş Komandanına etimadını sübut etmək üçün məntəqələrə getdilər və bunu sübut etdilər. Zəfər seçkisi ilə sübut etdilər ki, qələbə məhz bizə, bizim Prezidentimizə, xalqımızın layiqli lideri cənab İlham Əliyevə məxsusdur və bundan sonra da belə olacaq.