"Azərbaycan yeni güc mərkəzinə çevrilir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

8 Fevral 2024 15:30 (UTC+04:00)

"2020-ci il sentyabrın 27-dən başlanan zəfərə doğru Azərbaycan torpaqlarının azad edilməsi prosesi artıq 2023-cü ilin 20 sentyabrında məntiqi nəticəsinə çatdı". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.Deputat bildirib ki, Azərbaycan dövlət suverenliyini bütün ərazilərində bərpa etdi: "Hal-hazırda dünyada kifayət qədər donmuş münaqişələr mövcuddur. Ölkəmiz Ali Baş Komandanın qətiyyəti, ağlı, uğurlu siyasəti və şanlı ordumuzun əsgər və zabitlərimizin şücaəti nəticəsində böyük qələbəni bizə yaşatdı. Azərbaycanlılar öz ata-baba yurdlarından 30 ilə yaxın didərgin düşərək ölkəmizin digər şəhər və rayonlarına sığındılar. Bu insanlar uzun müddət həsrətlə yurdlarına qayıtmağı gözləyirdilər. Qazandığımız bu böyük qələbə həmin insanları arzularına çatdırdı. Ölkəmizdə qaçqın və məcburi köçkün statusu keçmişdə qaldı. İnsanlar dövlətin xüsusi proqram kimi qəbul etdiyi "Böyük Qayıdış" konsepsiyası sayəsində yurdlarına qayıtmağa başladılar. Bu şərəfli missiya - köç artıq başlayıb və insanlar mərhələli şəkildə Füzuliyə, Laçına, Kəlbəcərə, Şuşaya və digər yerlərə, ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərə mərhələli şəkildə qayıdırlar. Dövlətin gücü ilə həmin ərazilərdə ağıllı kənd, ağıllı şəhər konsepsiyası icra olunur. Bütün ərazilər minalardan təmizlənərək böyük bərpa-quruculuq işləri həyata keçirilir. Zəfərimizdən sonra həmin insanlar ilk dəfə olaraq yaşadıqları şəhər və kəndlərdə seçkilərə gedib ölkə prezidentinin seçkisində iştirak etdilər. Bütün bu qürurlu hadisələr ölkəmizin həm də gücünün, qüdrətinin göstəricisidir"."Dövlətimiz müharibə meydanında dünyanı heyrətə saldı. İndi də işğaldan azad olunmuş ərazilərdə böyük tikinti-bərpa işləri görür. Eyni zamanda da mərhələli şəkildə "Böyük Qayıdış" konsepsiyasını icra edir. Artıq minlərlə insan doğma yurdlarında yaşamağa başlayıb. Orada yeni iş yerləri açılır, insanlar işlə təmin olunur. Məktəblər, bağçalar, digər dövlət infrastrukturları icra olunur. Həmin ərazilərimizdə həyat canlanır. Əsas da, insanlar orada daimi və layiqli yaşayacaqlar. Çünki bu ərazilər, torpaqlar Azərbaycan xalqının illərlə yaşadığı ərazilərdir. Xalqımız uzun illərdən sonra bütöv Azərbaycanda layiqli və xoşbəxt yaşayacaqlar. Yeni çağırışlar var, dünya yenidən şəkilləndirilir. Azərbaycan yeni güc mərkəzinə çevrilir. Həm geosiyasi, həm də qlobal mənada ölkəmizin gücü, nüfuzu dayanmadan artır. Bu da hər bir azərbaycanlıya qürur verir, iftixar hissi yaşadır. Düşünürük ki, bu inkişafımız, tərəqqimiz illər ötdükcə daha da inkişaf edəcək" - deyə o, əlavə edib.