"Oğul dediyim bir insanın adını çəkib gəlmişəm" - FLORA KƏRİMOVADAN AÇIQLAMA-VİDEO

7 Fevral 2024 14:34 (UTC+04:00)

"Mənim qürur yerim, qürur duyduğum, çoxdan gözlədiyim, arxayın olduğum, gələcəyinə inandığım bir insanın adını çəkib gəlmişəm". Bu sözləri SİA-ya açıqlamasında Xalq artisti Flora Kərimova deyib.

O, oğlum dediyi bir insanın adını çəkərək seçkilərə gəldiyini dilə gətirdi: "Onun qarşısına əsgər kimi gəlmişəm. Yaradandan təvəqqe edib ona yalvarıram. O insanı qoru, Tanrım. Onun çətin həyatına görə qoru. Bu keşməkeşdən, mübarizədən keçən, “Mən azərbaycanlıyam” deyən haqqına görə qoru. Onların hamısını sizin simanızda gördük və yaşadıq. Bu insan əjdadlarımızın tarixdə buraxdığı səhvləri düzəltməyə gəlmişdi, düzəltdi də. Ancaq nəyin bahasına? Gecə-gündüzün, əziyyətlərin bahasına düzəltdi. Şəhidlər müxtəlif olur. Kimi cismini, kimi iradəsini şəhid edir. Oğul dediyim İlham Əliyev həyatını şəhid edir. Özünün sağlamlığını bu millətinə görə şəhid edir.

Oğul, millət sizə sevgi ilə qucaq açır. Övladları bir kəlmənizlə inanıb "Dəmir yumruq" kimi arxanızla ancaq yol gedir. Polad qüvvə kimi dayanıb sizə arxa millət, xalq, siz də onlara arxasınız. Allah sizi bizə çox görməsin. 83 yaşım var, Vətənlə, nigarançılığımla bağlı hər şeyi görmüşəm. Ancaq inamım var idi. İnamım var idi ki, siz gələcəksiniz. Deyirlər, "ot öz kökü üstə bitər". O ailədən, valideynlərdən fərqli övlad böyüyə bilməzdi. Çünki münasibətiniz sizə olan sevgi ilə bürünüb sizi tərbiyə etmişdi. Mənim övladım, mən millətin adını daşıyıram. Mənim deyəndə o adın, millətin adından da deyirəm”.