"Oğlanların qız kimi, qızların da oglan kimi rəqs etməsi dəbə çevrilib" - MÜNASİBƏT BİLDİRİLDİ

6 Fevral 2024 11:07 (UTC+04:00)

"Müasir dövrdə yeni nəslin gətirdiyi bir çox trendlər var ki, onlar həm sosial şəbəkələrdə, həm də real həyatda böyük kütlələrə təsir etməyə başlayıb". Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Kulturoloq bildirib ki, hər dəfə olduğu kimi indi də nəsillər arasında dünyagörüşü, həyat tərzi, estetik davranış və dəyərlərinin toqquşması baş verir: "İstər sosial şəbəkələrdə, istərsə də real həyatda ən yeni nəslin yararlandığı, Azərbaycanın 80% əhalisinin istifadə etdiyi TikTok platformasında xalqımıza aid olan və aid olmayan müxtəlif estetik dəyərləri özündə ehtiva edən rəqs, mahnı nümunələri ilə rastlaşırıq. Bəzən buna etiraz edir, bəzən bəyənirik. Amma çoxsaylı, bəzən milyona yaxın baxış sayı onu göstərir ki, müasir incəsənətimizdə, rəqsimizdə gənclərin gətirdiyi bu yenilik geniş kütlələr tərəfindən qəbul edilir. Ümumiyyətlə, kütlənin zövqünü formalaşdırmaq hər zaman elitar təbəqənin, xüsusilə də sənət, incəsənət və musiqidə zövqləri formalaşdıran tanınmışların bir nömrəli işidir. Son vaxtlar tanınmışlar, hər kəs özünü real həyatda həbs edir, virtual aləmə ayaq basmadığına görə zövqləri formalaşdırmaq missiyası gənclərin, yeniyetmələrin, TikTokerlərin öhdəsində düşür. Onlarsa, milli dəyərlər, milli incəsənətin standartlarını və estetik kulturoloji, kreativ texnologiyalarını bilmədiklərinə görə və yaxud özlərini realizə etmək, cəmiyyətə etirazını bildirmək üçün müxtəlif xalqlardan, yaşıdları olan TikTokerlərdən götürdükləri formaları bizim milli internet resurslarına gətirir. Geniş kütlələrə təsir edirlər. TikTok-da, sosial şəbəkələrdə olan bu yeniliklər tezliklə trendə çevrilərək real həyatımızda da öz əksini tapır".

"Bir çox xalqlara aid olan bizə qadın rəqsi kimi görünən rəqslər, ərəblərin göbək rəqsi, Afrika xalqlarının aşağı nahiyələrini əsdirməsi kimi rəqs elementlər artıq Azərbaycanda da dəb halını alıb: "Böyük şənliklərdə, televiziya kanallarındakı verilişlərdə və internet resurslarında bunlardan çox istifadə edilir. Bu, istəsək də, istəməsək də reallıqdır. Bu reallıqla razılaşmaq lazımdır. Fikirləşirəm ki, buna qarşı Azərbaycanın milli rəqslərini və milli incəsənət elementlərini trend etmək lazımdır. Bunu qadağan etməklə nəyisə aradan qaldırmaq olmaz. Yeni nəsil öz diktəsini edəcək, biz istəsək də, istəməsək də bu yeniliklər geniş formada istifadə olunacaq. Bunun qarşısını heç cür almaq mümkün deyil. Əvvəllər bizdə qadın və kişi yallısı ayrı olurdu. Sovet dövründə bu məclislər birləşdirildi. Qadın və kişi rəqsləri eyniləşdirildi, dövlət ansamblı yaradıldı, orada da qadın və kişilər eyni yerdə, eyni vaxtda müxtəlif formalı rəqs edirdilər. Eyni musiqi fonunda olsa belə, qadın və kişi rəqsinin öz formaları var idi. Amma indi elə deyil, qarışıq da deyil. Oğlanların qız kimi, qızların da oglan kimi rəqs etməsi dəbə çevrilib. Biz bunun heç cür qarşısını ala bilmərik. Yalnız yeni trendlər yaratmaqla, Azərbaycan rəqslərinin ən yaxşı dəyərlərini internetdə təbliğ etməklə, bununla bağlı ayrıca Mədəniyyət Nazirliyinin yanında xüsusi kreativ qrupları, ansamblları məcbur etməklə nə isə etmək mümkündür. Düşünürəm ki, bu istiqamətdə müəyyən addımlar atmaq olar.

İstənilən halda yaşlı və gənc nəsil, bu rəqslərə aludə olmuş şəxslər də bilməlidir ki, hər millət özünə uyğun, azərbaycanlı da azərbaycanlı kimi rəqs etməlidir. Azərbaycan kişilərinin kişiyana, ciddi rəqsi daha gözəldir, nəinki şərqlilər kimi göbək rəqsi etməklə, əllərini qız əli kimi oynatmaqla etdiyi rəqslər" - deyə o əlavə edib.